10 ildən çoxdur ki, yeni albom çıxarmayan Britney Spears, sadəcə 2000-lərin adi pop ikonası olmayıb. O hər zaman içində olduğu qalmaqallı romantik münasibətləri ilə şou-biznesin mərkəzində idi. Elə bunlardan biri ötən il ölkəmizdə ilk dəfə konsert vermiş Justin Timberlake ilə olan münasibəti idi. Amerikan musiqi sənayesində hər kəsin imrənərək baxdığı bu münasibət özündə bir çox problemi ehtiva edib.
Bir illuziyanın başlanğıcı
İndi isə gəlin münasibətin lap başına gedək. Britney Spears və Justin Timberlakein yolları hələ uşaq yaşlarında, 1990-cı illərin əvvəllərində ABŞ-da yayımlanan “The All-New Mickey Mouse Club” televiziya proqramında kəsişmişdi. İlk dəfə isə rəsmi cütlük kimi 7 sentyabr 2000-ci ildə MTV Video Music Awards-da birgə görüntüləniblər. Media onlara əfsanəvi cütlük kimi rəftar edirdi. Amma kim etməzdi ki? Axı onlar öz nəsillərinin ən parlaq gələcəyə sahib və sevilən simaları idi. Medianın diqqəti o qədər böyük hal alıb ki, Britney Spearsə şəxsi həyatı və bəkarəti ilə bağlı suallar ünvanlayırdılar.
Bir mesajla bitən münasibət
Hər ayrılıq öz yerində yaralayıcıdır, ancaq soyuq, kobud və vecsizcə edilən ayrılıq daha yaralayıcıdır. Britney Spearsin açıqlamasına görə “qızıl cütlüyün” münasibəti 2002-ci ildə sadəcə bir mesaj ilə bitib. Britney isə bu mesajı klipinin çəkilişi zamanı əldə edib. Münasibət bitən kimi media çoxsaylı iddia atmağa başlayır. Bəziləri ayrılığın xəyanətə görə olduğunu yazır, bəziləri isə münasibət haqda daha neytral tərəfdə durmağa çalışıb.
“Günahkar” qadın və onun “məsum” qurbanı
Medianın günah keçisi elan edə biləcəyi qadından çox sevdiyi nə var? Həmin ilin noyabrında Justin ilk albomu olan “Justified“ı çıxardı və bu albomun ən hit mahnılarından biri olan “Cry Me a River“ın klipi ilk andan müzakirələrə səbəb olub. Klipdə Justin Britneyə bənzəyən sarışın bir qadının evinə gizlicə daxil olur, onun xəyanət etdiyini göstərən səhnələr nümayiş etdirilir. Klipin davamı isə xəyanətə məruz qalan kişinin intiqamı və emosional sancısını ələ alır. Qaralama çalışması kimi görünən bu iş təqdirdən əlavə Britney fanatları tərəfindən də qınanıb. Çünki Justin burda ikili standart göstərir. O, ayrılığı dərinlərində yaşayır, ancaq Britney günahlandırılan, xəyanətkar, iblis qadın imicinə bürünür. Professionallıqdan tamamilə uzaq bu klip Justinə həm kommersiya uğuru gətirməklə qalmayıb, həm də Grammy mükafatı qazandırıb.
Britneydən gələn qarşı atəş
Səssizcə başlayan müharibədə Britneyin cavab atəşi olmadığını düşündünüzsə, yanılırsınız. Justinin qeyd etdiyimiz mahnısından sonra, bütün gözlər gözlənildiyi kimi Britneyin üzərinə yönəlib. 2003-cü ildə Britney “In the Zone” albomunu çıxarır və “Everytime” mahnısı ilə cavab atəşi edir. Bu mahnı açıq-açıq kimisə qurban seçmir. Bunun səbəbi isə Britneyin klipin hekayəsində ayrılıq, peşmanlıq və həsrətə yer verməsidir. Klipdə olan xəstəxana, bəyaz libas paltarları isə onun həmin dövrdə yaşadığı böhran, yenidən doğulmanı və emosional əzabı göstərir. Bu mahnının rəsmi olaraq Justini bildirdiyi təsdiqlənməsə də, Britneu Spearsin sonradan çıxardığı kitabı “The Woman in Me” kitabında o dövrdə yaşadıqlarının perspektivini görmə imkanı əldə edirik.
Diane Sawyerlə olan gözyaşları ilə dolu səmimi müsahibə
2003-cü ildə məşhur jurnalist Diane Sawyer ilə Britney Spearsin müsahibəsi.
Bəs media nə zaman mikrafonu gerçəklər üçün Britneyə uzatdı? Bu sualın cavabı onun Diane Sawyer ilə olan müsahibəsində yer alır. Ona bu müsahibədə Justin Timberlake başda olmaqla öz şəxsi həyatındakı problemlər, münasibətinin bitməsi kimi bir çox sual ünvanlanır. Sawyer Britneyə münasibətin bitməsinə görə hansısa məsuliyyət daşıyıb daşımadığını soruşur, hətta ABŞ-ın o dövrki birinci xanımının Laura Bushun Britneyə münasibətinin bitməsi ilə bağlı ictimai minnətdar olduğu qeyd edilib.
Bəs niyə Britney həmin müsahibədə gözyaşlarına boğulur?
Cəmiyyət elə formalaşıb ki, onlar həm Britney Spearsdən şəxsi həyatının detallarını ciddi halda danışmasını istəmiş, həm də onun emosional dövrdən sonra birbaşa əyləncə sənayesinə geri qayıtmasını gözlənişdi. 2000-lərin mediasının qadınlara qərəzli duruşu və Britneyi həddən artıq narahat edib təqib edən paparazzilərlə bağlı sual gələndə o emosional bir reaksiya verir.
“Framing Britney Spears” ilə 19 il sonra gələn üzr
Həqiqətlərin gün üzünə çıxması kimi bir reallıq mövcuddur və zorla “dəli” halına salınıb zorla müalicə görən, amerikan popunun kraliçalarından biri Britney 2021-ci ildə hazırlanan bu film ilə illərdir məruz qaldığı əziyyət araşdırılıb. Bu nöqtədə Justinin ayrılıq sonrası danışıq tərzi, Justinin solo karyerasının yüksəlişi ilə Britneyin mediada məruz qaldığı mənfi münasibət arasındakı ziddiyyət kimi ünsürlər Justinin yenidən ciddi tənqidlərlə üz-üzə gəlməsi ilə nəticələndi. Nəticədə, 12 fevral 2021-ci ildə Justin Timberlake Instagram hesabında Britney Spears və Janet Jacksondan üzr istədiyini açıqladı. Bu üzr istəmə sadəcə iki məşhur arasındakı münasibətlə bağlı deyildi. Eyni zamanda Britney Spears və Janet Jackson kimi qadın sənətçilərin mediada və musiqi sənayesində necə fərqli münasibətlə qarşılaşdıqlarının etirafı idi.
“The Woman in Me” ilə Britney gerçəkləri dünya ilə bölüşüb
2023-cü il oktyabrın 24-də Britney Spears-in avtobioqrafik kitabını çıxarıb. Bu kitab ilə reallıq səmimi bir şəkildə Britneyin dilindən çatdırılır. Kitab sadəcə Justinə yox, həm də indiyə qədər yaşadıqlarını ehtiva edib. Justin məsələsində diqqət çəkən ən önəmli nöqtə hamiləlik və zorla edilən abort prossesi olub. O qeyd edir ki, hamiləlik gözlənilməz olsa da, özü bunu faciə kimi qəbul etməyib. Gənc Britney Justin ilə ailə quracağını düşünürdü və uşağın dünyaya gəlməsini istəyirdi. Buna baxmayaraq, Justin bu uşaq üçün özünü gənc və hazır olmadığını düşünüb. Bu səbəbdən də abort etdirməsini istəyib. Britney sonda hamiləliyi sonlandırmağa razılaşdığını, amma qərar yalnız özündən asılı olsaydı, bunu etməyəcəyini yazırdı.
Bu kitabda elə bir nöqtə var ki, Britney UNO reverse kartı işlətmiş kimidir. Justin klipində onu xəyənatkar kimi göstərsə də, bu kitabda Britney Justinin münasibət müddətində Britneyi bir neçə dəfə xəyanətə məruz qaldığını nəql edib. Eyni zamanda özünün də münasibət dövründə xoreoqraf Wade Robson ilə öpüşdüyünü etiraf etdi. Onun sözlərinə görə, Justinin xəyanətlərindən xəbərdar olsa da, ona olan sevgisinə görə bunları bağışlamağa çalışıb.
Köhnə qalmaqal yeni onillikdə yenidən alovlanır
Kitabdan sonra köhnə hadisələr yenidən müzakirə olunmağa başlayıb. Bu Justin üçün çox həssas bir dövr idi, çünki o, illər sonra musiqiyə qayıdır və albomunu tanıdırdı. 2023-cü ilin dekabrında Las-Veqasda çıxışı zamanı Justin “Cry Me a River” mahnısını ifa etməzdən əvvəl tamaşaçılara “heç kimə hörmətsizlik etmək istəmirəm” deyib. 2024-cü ilin yanvarında Justinin “Selfish” adlı yeni mahnısı yayımlanıb. Fələyin işinə bax ki, Britney Spearsin 2011-ci ildə eyni adlı mahnısı da mövcud idi. Britneyin sevənləri köhnə mahnını musiqi platformalarında yenidən populyarlaşdıraraq Justinin yeni sinqlına qarşı əzici üstünlük göstərməyə çalışıblar.
Lakin 2024-cü ilin fevralında Justinin Nyu-Yorkdakı konsertində qəribə bir hadisə baş verib. O, “Cry Me a River” mahnısından əvvəl “heç kimdən üzr istəmək fürsətindən istifadə etmək fikrim yoxdur” deyə sərt ifadə işlədərək yenidən müzakirələri alovlandırıb. “Anti-reklam da bir reklamdır” kimi bir nöqtədən çıxış edibsə, bunu o qədər uğurlu adlandırmazdıq.
Britney və Justin münaqişəsində kim qazanıb, kim itirib?
Burada qazanan və ya məğlub olan yoxdur. Sevgi kimi mövzuda, xüsusi ilə də dünyanın gözünün önündə olanlar üçün qazanan və ya məğlub deyə birini seçmək mümkünsüzdür. Unutmayın bu sadəcə sevginin deyil, həm də şöhrətin hekayəsidir.
Discover more from Dynamix Magazine
Subscribe to get the latest posts sent to your email.