Skip to content

Dynamix Magazine

Son sezonu ilə xəyal qırıqlığı yaradan seriallar

Seriala başladığımız zaman adətən bizi maraqlı süjet, gözlənilməz hadisələr və sevdiyimiz personajların taleyi cəlb edir. Bəzən isə maraq doğuran hekayənin sonunda elə bir finalla qarşılaşırıq ki, serial haqqında düşüncələrimiz tamamilə dəyişir. Televiziya tarixində böyük uğur qazanmasına baxmayaraq, finalı ilə tamaşaçıların narazılığına səbəb olan kifayət qədər serial var. Gəlin görək, hansı serialların finalı həqiqətən bizi məyus edib?

Qeyd: Serialların finalı ilə bağlı spoilerlər var.

1. Game of Thrones

Mənə elə gəlir ki, bu mövzudan danışanda bir çoxlarımızın ağlına ilk olaraq “Game of Thrones” gəlir. Serial haqqında danışarkən finalını xatırlamamaq mümkün deyil. Səkkiz sezon ərzində tamaşaçıları mürəkkəb personajları, gözlənilməz ölümləri və taxt uğrunda mübarizələri ilə ekran qarşısında saxlayan serialın sonluğu heç də hamının gözlədiyi kimi olmadı. Əsas narazılıq isə hadisələrin həddindən artıq tələsik yekunlaşdırılması idi.

Əslində, problem yalnız serialın necə bitməsində deyil, bu sonluğa aparan hadisələrin kifayət qədər əsaslandırılmamasındadır. Xüsusilə Daenerys Targaryenin illərlə azadlıq və ədalət uğrunda mübarizə aparan bir obrazdan kral torpaqlarını məhv edən birinə çevrilməsi tamaşaçılar üçün gözlənilməz oldu. Jon Snow, Brandon Stark və digər əsas personajların taleyi ilə bağlı verilən qərarlar da uzun müzakirələrə səbəb oldu.

Tamaşaçıların narazılığı IMDb reytinqində də özünü göstərdi. Serialın final bölümü platformada cəmi 4.0/10 bal topladı. Beləliklə, uzun illər böyük maraqla izlənilən “Game of Thrones” televiziya tarixinin ən çox müzakirə olunan və mübahisəli finallarından biri ilə yadda qaldı.

2. Dexter

Dexter Morgan obrazı ilə tanış olanlar yəqin ki, serialın necə maraqlı bir hekayəyə sahib olduğunu xatırlayırlar. Gündüzlər qan analizləri üzrə mütəxəssis kimi çalışan, gecələr isə öz ədalət anlayışına əsasən cinayətkarları öldürən Dexter uzun müddət tamaşaçıların sevimli personajlarından biri olub. Ancaq serialın finalı bu maraqlı hekayəyə gözlənilən sonluğu verə bilmədi. Hadisələrin sonunda bacısı Debranın ölümündən sonra Dexter öz ölümünü səhnələşdirir və daha sonra meşədə ağac kəsən işçi kimi yaşamağa başlayır.

Əslində, tamaşaçıları ən çox təəccübləndirən də məhz bu sonluq idi. Bir çoxları Dexterin daha təsirli və onun obrazına uyğun bir finalla vidalaşmağa layiq olduğunu düşündüyü halda, bu final izləyənlərin əksəriyyətini qane etmədi.

3. True Blood

Vampirlər haqqında çəkilən seriallar arasında “True Blood” fərqli süjeti və özünəməxsus atmosferi ilə fərqlənməyi bacaran işlərdən biridir. Yeddi sezon davam edən bu serialda Stackhouse-un hekayəsi, vampirlər dünyası və personajlar arasındakı münasibətlər izləyənlərin marağını cəlb edəcək qədər uğurlu olmuşdur. Ancaq final bölümü ilə bağlı bunu demək bir qədər çətindir. Bəzi personajların taleyinin necə tamamlanması, münasibətlərin gözlənilən şəkildə nəticələnməməsi və ümumi sonluğun bir qədər tələsik təsir bağışlaması tamaşaçıların narazılığına səbəb oldu. Xüsusilə serialın yaratdığı atmosferə və obrazlarla qurulan emosional bağa görə daha yaddaqalan bir final gözləyənlər az deyildi. “True Blood” maraqlı süjeti ilə yadda qalsa da, finalı ilə bir çox tamaşaçıların gözləntilərini qarşılaya bilməmişdir.

4. Lost

Sirli bir adaya düşən təyyarə sərnişinlərinin hekayəsindən bəhs edən “Lost” yayımlandığı dövrdə böyük marağa səbəb olmuşdur. Hər bölümün sonunda yaranan “Görəsən, adadan xilas ola biləcəklərmi?” sualı tamaşaçıları növbəti bölümü səbirsizliklə gözləməyə vadar edirdi. Bununla yanaşı, adada baş verən qəribə hadisələr və ortaya çıxan yeni sirlər seriala olan marağı daha da artırırdı.

Elə buna görə də finaldan gözləntilər kifayət qədər yüksək idi. Lakin serial bitdikdən sonra bir çox izləyicinin əsas sualları və gözləntiləri ilə bağlı narazılıqları ortaya çıxdı. Finalda bəzi izləyənlər personajların emosional hekayələrinin uğurla tamamladığını, digərləri isə uzun müddət cavabını gözlədikləri sirlərin kifayət qədər aydın izah olunmadığını düşünürdü. “Lost”un finalı bu gün də televiziya tarixinin ən çox müzakirə edilən sonluqlarından biri olaraq qalır.

5. Roseanne

“Roseanne” uzun illər Amerika televiziya tamaşaçılarının sevimli ailə komediyalarından biri olub. Conner ailəsinin gündəlik həyatı, maddi çətinlikləri və ailədaxili münasibətləri üzərindən qurulan serial sadə, amma izləyiciyə yaxın hekayəsi ilə böyük populyarlıq qazanmışdır. Lakin serialın 1997-ci ildə yayımlanan finalı tamaşaçıları kifayət qədər təəccübləndirdi. Son bölümdə məlum olur ki, izlədiyimiz hadisələrin böyük bir hissəsi əslində Roseanne-in öz həyatından ilhamlanaraq yazdığı kitabın süjetidir. Xüsusilə əsas personajlardan Danın taleyi ilə bağlı ortaya çıxan həqiqət tamaşaçılar üçün gözlənilməz oldu.

Maraqlısı budur ki, serial 2018-ci ildə ekranlara qayıdanda yaradıcı heyət əvvəlki finalda baş verən bəzi hadisələri yenidən dəyişdirdi. Bu dəfə Danın sağ olduğu məlum oldu və 1997-ci ilinmübahisəli sonluğu bir növ yenidən gündəmə gəldi. Beləliklə, “Roseanne” yalnız orijinal finalı ilə deyil, illər sonra həmin finalın dəyişdirilməsi ilə də yadda qaldı.


Discover more from Dynamix Magazine

Subscribe to get the latest posts sent to your email.