Skip to content

Dynamix Magazine

Daft Punk-ın əfsanəvi səhnəsi LEGO ilə yenidən qurulur 

LEGO və məşhur musiqi qrupu Daft Punk yaradıcılıq dünyalarını bir araya gətirən yeni əməkdaşlıqlarını elan edib. Musiqi, dizayn və pop-mədəniyyətini bir araya gətirən bu layihədə qrupun obrazları LEGO dünyasında canlanacaq.

Bəs bu əməkdaşlığın ən maraqlı tərəfi nədir? Daft Punk-ın 2007-ci ildəki Alive konsert turunu xatırlayırsınızsa, yəqin ki, qrupun məşhur piramida formalı səhnəsi də yadınızdadır. Məhz həmin səhnə indi LEGO dəstinə çevrilməyə hazırlaşır. Maraqlısı budur ki, bu ideya LEGO-nun özündən deyil, fanlardan gəlib. Lüksemburqlu Patrick Harboun və oğlu Daft Punk-ın səhnəsindən ilhamlanaraq bir model hazırlayıblar. Onların layihəsi 2020-ci ildə LEGO Ideas platformasının “Music to Our Ears” müsabiqəsində baş mükafatı qazanıb, daha sonra isə 10 000 dəstək toplayıb. İndi isə bu fan ideyası rəsmi LEGO dəsti kimi hazırlanmaq üçün növbəti mərhələyə keçməkdədir.

Əməkdaşlığı elan etmək üçün hər iki tərəfin rəsmi Instagram səhifəsində Daft Punk obrazlarının LEGO dünyasında canlandığı video paylaşılmışdır. Videoda qrupun üzvləri LEGO kərpiclərindən qurulmuş futuristik bir dünyaya daxil olur. Arxa fonda isə Daft Punk-ın “Voyager” və “Human After All” mahnıları səslənir. Görünür, əməkdaşlıq yalnız bir LEGO dəsti ilə məhdudlaşmayacaq. Şirkətlərin açıqlamasına görə, layihə çərçivəsində yeni məhsullar, xüsusi kontent və fərqli brend təcrübələri də yer alacaq. 

Bəs LEGO dəstini nə vaxt əldə edə biləcəyik? Hələlik məhsulun yekun dizaynı, qiyməti və satış tarixi bəlli deyil. Əməkdaşlıqla bağlı yeni məlumatların isə 2027-ci ildə paylaşılması gözlənilir.


Discover more from Dynamix Magazine

Subscribe to get the latest posts sent to your email.