Skip to content

Dynamix Magazine

Milan Moda Həftəsinin beş ən yaxşı kolleksiyası

Moda və dəb dedikdə ağla ilk gələn şəhərlərdən biri İtaliyanın Milan şəhəridir. Sentyabrın 22-dən 28-ə qədər olan həftədə isə “Spring/Summer Womenswear” konseptli Milan Fashion Week təşkil edilib. Bir çox moda divi brendlər və dizaynerlər öz kolleksiyalarını nümayiş etdirib, bəziləri öz debütlərini təqdim ediblər. Dynamix Magazine olaraq MFW-in ən yaxşı 5 kolleksiyasını paylaşırıq.

Gucci

Gucci-nin kreativ direktoru Demna tərəfindən hazırlanan bu şou 25 sentyabr “The Store Show”-da izləyənlərin qarşısına çıxıb. 90-ların Tom Ford erası bu kolleksiya ilə yeni imic qazanıb, həmin illərin kəskin, dar siluetləri, xüsusi dərzilik işləri ilə bədəni bürüyən geyimlərə çevrilib. Onu da qeyd edək ki, buna görə o, mövsümün ən əsas hiti olmağı bacarıb.

Prada
Miuccia Prada və Raf Simons tərəfindən hazırlanan kolleksiya da həftənin ən diqqətçəkən kolleksiyalarından biri olub. Çünki bu kolleksiyanın əsas məqsədi ətəyin “yenidən” kəşf edilməsi üzərinə qurulub. Şouda isə velcro panellər, şəffaf parçaların üst-üstə qatlanması qısa müddətdə dəb dünyasının müzakirə mövzularına çevrilib.

Moschino
Bəzən də MFW gənc dizaynerlərin debütləri üçün bir meydana çevrilir. Elə Moschino brendi tərəfindən təqdin olunan kolleksiya da Loris Messina və Simone Rizzo-nun birgə buradakı ilk rəsmi işləri olub. Brendin özünəxas yumorik tərzini daha yenilikçi, müasir və yüksək səviyyəli “streetwear” ilə birləşdirib, sosial mediada ən çox danışılan kolleksiyalardan birini yaradıblar.

Dolce&Gabbana
“Stravaganza Siciliana” adlanan kolleksiyanın məqsədi nəsildən-nəslə keçən, bir-birinə uyğun gəlməyən elementlərin bir araya gətirilməsi ilə yaradılan qarderob ideyasını təqdim etmək olub. Geniş bəbir naxışlı plaşlar, gənc nəsli hədəfləyən bol və geniş cinslər, qızılgül naxışlı şalvarlar ziddiyyətli şəkildə birləşib.

Bottega Veneta
Kreativ direktor Louise Trotter burada günlük həyat tərzinə bir qədər lüks tərzi qataraq müasir lüksün master-klassını nümayiş etdirib. Kolleksiyada zəngin şokolad tonları, kəskin kəsimli pencəklər və brendin vizit kartı olan böyük ölçülü toxunma çantalar üstünlük təşkil edib.

Bonus: Institution by Galib Gassanoff
MFW-də Qalib Həsənov, “DAŠ” (Daş) adlı yeni kolleksiyasını izləyənlərə təqdim edib. Bu kolleksiyada memarlıq kəsimləri ilə yanaşı, bütöv şəkildə kəsilmədən geyimlərlə sintez edilən Azərbaycanın milli kəlağayı ipək şərfləri və motivləri əsas xətt təşkil edib. Onun bir katolik kilsəsində baş tutan bu nümayişi avanqard və dayanaqlı lüks tərzi birləşdirərək böyük maraq yaratmağa nail olub. Onu da qeyd edək ki, bu onun bu ilki 2-ci MFW çıxışı olub.

İlin ən çox gözlənən moda həftələrindən MFW-in qısa icmalı və beş kolleksiyasını sizlərə təqdim etdik. Saytımızdakı digər moda məqalələrini oxumaq üçün buraya toxunun.


Discover more from Dynamix Magazine

Subscribe to get the latest posts sent to your email.