Puççininin dünya opera repertuarının ən məşhur əsərlərindən biri 24, 25 və 27 oktyabr tarixlərində Heydər Əliyev Sarayında təqdim olunacaq.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının hazırladığı yeni quruluşda yerli opera sənətçiləri ilə yanaşı, xaricdən dəvət olunmuş ifaçılar da səhnəyə çıxacaq.
Ən diqqətçəkən adlardan biri isə, şübhəsiz, Xalq artisti Yusif Eyvazovdur. Teatrın direktoru olan Eyvazov 24 oktyabrda Kalaf partiyasını özü ifa edəcək. Turandot obrazında isə italiyalı soprano Karmen Cannattasio çıxış edəcək. Tamaşanı italiyalı dirijor Beatrice Venezi idarə edəcək.
25 və 27 oktyabr tamaşalarında isə fərqli ifaçı heyətləri və dirijorlar səhnəyə çıxacaq. Yəni eyni “Turandot”u üç axşam ərzində üç fərqli interpretasiyada izləmək mümkün olacaq.
Amma bu əsərin Bakı ilə əlaqəsi yalnız bugünkü tamaşadan ibarət deyil.
“Turandot” Bakıda ilk dəfə 1928-ci ildə, dünya premyerasından cəmi iki il sonra nümayiş etdirilib və bu tamaşa SSRİ-də əsərin ilk quruluşu kimi tarixə düşüb.
İndi, təxminən bir əsr sonra, “Turandot” yeni dekorasiya, kostyumlar və fərqli səhnə həlli ilə yenidən Bakıya qayıdır.
Və əlbəttə, bütün bunların fonunda Puççininin ölməz “Nessun dorma”sı səslənəcək.
Discover more from Dynamix Magazine
Subscribe to get the latest posts sent to your email.
