Skip to content

Dynamix Magazine

Hollivudun yeni nəhəngi Skydance adlanacaq

Paramount və Warner Bros. Discovery şirkətlərinin birləşməsindən yaranacaq yeni nəhəng kino sənayesi şirkətinin adı bəlli olub. Şirkətin sədri və baş icraçı direktoru David Ellison yeni qurumun “Skydance” adlandırılacağını açıqlayıb.

Ellison yeni şirkət üçün özünün təsis etdiyi “Skydance Media” şirkətinin adını seçib. Beləliklə birləşmə nəticəsində yaranacaq yeni media nəhəngi “Skydance” adı altında fəaliyyət göstərəcək.

Şirkətlər birləşmənin oktyabrın 6-da tamamlanmasının planlaşdırıldığını bildiriblər. Razılaşma nəticəsində Hollivudun iki böyük media qurumu birləşərək daha böyük əyləncə və media şirkəti yaradacaq. Birləşmə çərçivəsində şirkət B sinfi və əsas səhmlərini Nasdaq birjasından Nyu-York Fond Birjasına (NYSE) keçirməyi planlaşdırır. Səhmlərin NYSE-də ticarətinə oktyabrın 6-dan başlanacaq. Bununla yanaşı, səhmlərin hazırkı “PSKY” simvolunun da “SKYD” ilə dəyişdirilməsi nəzərdə tutulur.

Şirkət həmçinin təsis sənədinə dəyişiklik edərək korporativ adını “Skydance Corporation” olaraq yeniləməyi planlaşdırır.

Lakin yeni şirkətin qarşısında ciddi maliyyə öhdəlikləri də dayanır. “Skydance”in Paramount və Warner Bros. Discovery-nin əvvəlki birləşmə və satınalma əməliyyatlarından yaranan borc öhdəliklərini üzərinə götürməsi, eləcə də yeni borclanma həyata keçirməsi nəticəsində ümumi borcunun 80 milyard dolları keçəcəyi proqnozlaşdırılır. Media və kino şirkətləri üçün bu kifayət qədər böyük rəqəmdir. Paramount “Warner Bros.” sövdələşməsinin maliyyələşdirilməsi və mövcud borcların ödənilməsi üçün təxminən 42,4 milyard dollarlıq istiqraz buraxır.

Şirkət bununla yanaşı, 8,5 milyard dollar və 850 milyon avro məbləğində yeni kreditləri də özlərinə yönləndirəcək . Yeni şirkətin idarəçiliyinə isə David Ellison onun atası “Oracle” şirkətinin qurucusu və milyarder Larry Ellison, həmçinin “RedBird Capital Partners” şirkətinin təsisçisi və tərəfdaşı Gerry Cardinale nəzarət edəcək. Beləliklə, oktyabrın 6-sı həm Paramount və Warner Bros. Discovery-nin böyük birləşməsinin tamamlanması, həm də yeni “Skydance” şirkətinin fəaliyyətə başlaması baxımından Hollivud üçün mühüm tarix olacaq. Bununla yanaşı, 80 milyard dolları aşacağı gözlənilən borc yükü yeni şirkətin qarşısında duran ən böyük maliyyə çağırışlarından biri olacaq.


Discover more from Dynamix Magazine

Subscribe to get the latest posts sent to your email.