Skip to content

Dynamix Magazine

Donatella Versace öz müstəqil markasını yaradır

Moda dünyasının əfsanəvi adlarından olan Donatella Versace, Los-Anceles mərkəzli moda platforması “REVOLVE” ilə birlikdə moda və gözəllik kateqoriyalarını əhatə edən yeni bir marka qurur.


Əminliklə deyə bilərik ki, layihə qısamüddətli bir işbirliyi kolleksiyası deyil. Bu barədə yayınlanan məlumata görə, bu, Donatellanın şəxsi yaradıcı baxışını əks etdirəcək, sıfırdan qurulacaq müstəqil və uzunmüddətli bir təşəbbüsdür. Tərəfdaşlıq çərçivəsində Donatella kreativ vizyonu öz üzərinə götürəcək, “REVOLVE” isə texnologiya, e-ticarət və qlobal paylanma infrastrukturunu təmin edəcək.


Hələlik yeni markanın adı və ilk kolleksiyanın detalları ictimaiyyətə açıqlanmayıb. Lakin ilk məhsulların 2027-ci ildə satışa çıxarılması planlaşdırılır.


Qeyd edək ki, Donatella 2025-ci ildə təxminən 30 il ərzində icra etdiyi “Versace”nin kreativ direktoru vəzifəsindən ayrılıb. İndi isə o, “Versace”dən kənarda tamamilə yeni bir yaradıcılıq dövrünə qədəm qoyur. Moda sevərləri düşündürən əsas sual isə yeni markada “Versace”nin cəsur və seksual cizgilərinin davam edib-etməyəcəyi, yoxsa tamamilə fərqli bir Donatella ilə tanış olacaqlarıdır.