Son günlər 1980-ci illər yenidən trenddədir. Dəbə isə, iri çiyinlər, parlaq rənglər və maksimalizm geri qayıdır, sosial şəbəkələrdə insanlar şəkillərini süni intellekt vasitəsilə 80-ci illərin fotoşəkillərinə çevirirlər. Bəs həmin onillik Azərbaycan üçün necə görünürdü? Sovet Bakısının diskotekalarında hansı musiqilər səslənir, gənclər hansı filmlərə baxır, hansı kitabları oxuyur, küçələrdə nə baş verirdi? Gəlin birlikdə ölkəmizin bu keçmişinə nəzər keçirək.
Bakının gecə həyatı…
1980-ci illərin Bakısını diskotekasız təsəvvür etmək yəqin ki, çətin olardı. Diskotekaların populyarlıq qazandığı dövrdə gecə məkanları gənclərin əsas əyləncəsinə çevrilmişdi. «Melodiya» mağazasından alınan plastinkalar, Moskva və Leninqraddan gətirilən texnika Bakının gecələrinə yeni səs verirdi. ABBA, Boney M., Bee Gees, Arabesque və Modern Talking kimi qrupların təsiri geyimdən saç düzümünə qədər hiss olunurdu. Mithun Chakraborty-nin «Disco Dancer» filmi isə diskoteka mədəniyyətinin populyarlığını daha da artırdı.
Alternativ janrların estradaya girişi
Əgər 80-ci illərin Azərbaycan musiqisində bir qrup dövrün ruhunu xüsusilə dəqiq ifadə edirdisə, bu sözsüz ki, “Ozan” olardı. Qrup rok musiqisini muğam, caz və xalq musiqisi ilə birləşdirərək ənənə ilə müasirlik arasında tamamilə yeni bir sintez yaratmışdı. 1987-ci ildə yayımlanan «Kimsən sən, robot?» klipi isə bu qarışığın demək olar ki, vizual şousuna çevrilmişdi, çünki klipdə rok, futuristik robot obrazı və breykdans yer alırdı. Bu səbəbdən “Ozan” qrupunun mahnıları bu gün də çox qeyri-adi görsənir.
Çingiz Mustafayevin gəncliyi..
Bu gün Çingiz Mustafayev adı ilk növbədə jurnalistika və Qarabağ müharibəsi ilə assosiasiya olunur. Lakin 1980-ci illərin Çingizi tamam başqa bir mədəniyyətin insanı idi. O, DJ kimi fəaliyyət göstərir, diskotekalar təşkil edir, breykdans qrupları yaradırdı. Rasim Muzaffərli ilə birlikdə hazırladığı «Ekspromt» proqramı isə Azərbaycan televiziyasında ənənəvi sovet formatlarından fərqlənən verilişlərdən biri idi. Çünki burada rok qrupları çıxış edir, müsabiqələr keçirilir, aparıcıların üslubu daha sərbəst görünürdü. Verliş izləyicilərin təəccübləndirsədə, onların sevgisini və marağını qazanmışdı.
Məşhur romanının doğuluşu….
Mürəkkəb sevgi hekayəsindən cəmiyyətin təzyiqi, azad seçim, qadın hüquqları və mənəvi normalardan bəhs edən bir kitab təsəvvür edin. Təsvir etməyə o qədərdə ehtiyac yoxdur, söz Anarın «Beşmərtəbəli evin altıncı mərtəbəsindən» gedir. 1981 ildə çıxan bu roman dərhal oxucuların sevgisini qazararaq hal-hazırda müasir klassika hesab olunur, Təhminə və Zaurun adları isə hamıya tanış gəlir.
Klassik ədəbiyyatdan rəngli ekrana…
Azərbaycan kinosu çox zaman ədəbiyyata müraciət edib – amma 1980-ci illərdə müraciət xüsusilə güclü idi. Onlardan biri «Qəm pəncərəsi» filmidi. Mirzə Cəlilin yaradıcılığı və «Danabaş kəndinin əhvalatları» əsasında çəkilən film Azərbaycan kəndinin sosial və mənəvi mənzərəsinə baxan ilk filmlərdən biri idi. O sovet dövrünün ideoloji çərçivəsində çəkilsə də, klassik ədəbiyyatın yaratdığı sosial tənqid imkanlarından istifadə edərək böyük bir kütlənin sevgisini qazanan filmlərdən biri oldu.
Səksənlərin melodraması…
İndi ekranları dramatik filmlərsiz təsvir etmək olmaz – amma səksənlərdə belə filmlərin sayı çox az idi. «Ölsəm… bağışla» isə o dövrün emosional kinosunun nümunələrindən biridir. Film şəxsi münasibətlər, sevgi, seçim və itki üzərində qurulsa da, onun arxasında 1980-ci illərin dəyişən sosial atmosferini görmək mümkündür. Getdikcə Azərbaycan kinosunda insanın şəxsi həyatı daha çox diqqət mərkəzinə gəlir, qəhrəmanlar isə öz arzuları və problemləri ilə dialoq qurmağa başlayırlar və elə bu addım kino anlayışını dəyişir.
Bakının payızı
Bakı həmin günlərdə yalnız payızın rənglərini deyil, öz estradasının gələcəyini də yaşayırdı.
“Bakı Payızı–88” gənc ifaçıların yarışdığı adi bir müsabiqədən daha böyük məna daşıyırdı. Bu səhnə sonralar Azərbaycan estradasının simasına çevriləcək bir nəslin ilk böyük addımlarından birinə çevrildi. Layihənin əsas yaradıcı siması rejissor Sevinc Kərimova, musiqi istiqamətinin formalaşmasında isə bəstəkar Mikayıl Vəkilov mühüm rol oynayırdı.
Həmin səhnənin iştirakçıları arasında sonralar adları böyük afişalarda görünəcək sənətçilər vardı. Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, İlqar Xəyal, Samir Bağırov, Almaz Ələsgərova, Alim Qasımov…
Bəs moda ?
Əgər biz indi səksəninci illərdə olsaydığ, diqqətimizi ən çox geniş çiyinlər, iri pencəklər, parlaq rənglər, naxışlı köynəklər, trikotaj və iri aksessuarlar olmuş olardı. Gənclər arasında cins şalvar və cins gödəkçələr, idman ayaqqabıları və daha sərbəst geyimlər Qərb mədəniyyətinin ən görünən təsirlərindən idi. Lakin bu tendensiyalar Bakıda heç vaxt olduğu kimi təkrarlanmır, sovet reallığı və yerli zövqlə qarışırdı.
Bu yerli üslubun ən maraqlı nümunələrindən biri 1987-ci ildə Bakı Moda Evində nümayiş etdirilən «Şərq motivləri» kolleksiyası idi. Bu kolleksiya müasir fasonları milli və Şərq estetikası ilə birləşdirirdi. Ümumiyyətlə, o illərdə dəbli geyimlərin bir hissəsi mağazadan deyil, dərzidən gəlirdi – jurnalda görülən model yerli zövqə uyğunlaşdırılırdı.
Bəlkə də 80-ci illərin Bakısını xatırlamağın ən maraqlı tərəfi onun nə qədər rəngarəng olmasıdır. Eyni şəhərdə Şövkət Ələkbərovanın səsi televizordan gəlir, diskotekalarda Boney M. səslənir, küçələrdə cins gödəkçələr görünür, kitabxanalarda Təhminə və Zaurun hekayəsi müzakirə olunur, gənclər isə yeni musiqilər və yeni fikirlər axtarırlar. Bu gün həmin illərə baxanda bizi cəlb edən də bəlkə elə budur – 1980-ci illər artıq geridə qalıb, amma onun musiqisi, filmləri, geyimləri və şəhər əhvalı hələ də qəribə dərəcədə bizə doğma və canlı gəlir.
