Skip to content

Dynamix Magazine

Dolly Parton vəfatından Country musiqisi tarixinə uzanan yazı

“Jolene”, “9 to 5”, “I Will Always Love You” və “Coat of Many Colors” kimi mahnılarla dünya şöhrəti qazanan, country musiqisinin əfsanəvi simalarından biri Dolly Parton 80 yaşında vəfat etdi.

Onun ölümünün ardınca ölkənin sabiq prizdenti Doland Trumpın əmri ilə Ağ Ev adətən prezidentlərin xatirəsinə və ya milli faciələr zamanı tətbiq edilən bir addım atdı. Belə ki, ölkənin bayraqları bir həftə müddətinə yarıya endirildi.

Bunu görəndə ağlıma ilk gələn sual belə oldu: Niyə məhz o? Niyə məhz country?

Country musiqisi uzun illərdir mənim şüurumda “ağ Amerikanın öz musiqisi” kimi formalaşıb. Cins şalvar, kovboy papağı, pikap avtomobili, xüsusi musiqi alətləri… Amma araşdırmağa başlayanda gördüm ki, bu, əslində musiqinin özündən çox, sənayenin illər ərzində yaratdığı portretdir.

Bunun üçün 1920-ci illərə qayıtmaq lazımdır.

Səsyazma şirkətləri həmin dövrdə musiqini irqi xətt üzrə kateqoriyalara ayırmağa başladılar. Ağ ifaçıların ifa etdiyi musiqi “country”, qaradərili ifaçıların musiqisi isə “race records” adlandırılırdı.

Əslində isə bu musiqilər bir-birindən o qədər də uzaq deyildi. Eyni köklərdən gəlir, eyni coğrafiyada yaranır, çox vaxt eyni musiqiçilər tərəfindən birlikdə ifa olunurdu. Lakin sənaye onları sənəd üzərində iki ayrı dünyaya böldü.

Nəticədə DeFord Bailey kimi insanlar tarixdən demək olar ki, silindi.

Bailey qaradərili harmonika ifaçısı və country musiqisinin ilk böyük ulduzlarından biri idi. Lakin onun adı bu gün janrın əsas tarixində layiq olduğu qədər çəkilmir.

Daha ironik olan isə budur ki, bu gün country musiqisinin “ən ağ” simvollarından biri kimi qəbul edilən banjonun kökləri Afrikaya gedib çıxır. Bu alət Afrikadan kölə kimi Amerikaya gətirilən insanların musiqi ənənələrinin bir hissəsi idi.

1970-ci illərdə Charley Pride country musiqisinin zirvəsinə yüksələn nadir qaradərili sənətçilərdən biri oldu. 2016-cı ildə isə Beyoncé “Daddy Lessons” mahnısını “Country Music Awards” səhnəsində ifa edərkən zalın bir hissəsinin reaksiyası country dünyasında irqi sərhədlərin hələ də tamamilə yox olmadığını göstərdi.

2019-cu ildə Lil Nas X-in “Old Town Road” mahnısının Billboard-un country siyahısından çıxarılması da bu müzakirəni yenidən alovlandırdı. Rəsmi izah mahnının “kifayət qədər country elementi daşımaması” idi. Amma kovboy papağı taxan qaradərili repçinin qarşılaşdığı münasibət bir çox insana daha fərqli mesaj verirdi. Yəni sənaye uzun illər ərzində bir qapı yaradıb: kimə açıq, kimə isə bağlı olan bir qapı.

Bəs Dolly Parton niyə bu qədər böyük bir milli simvola çevrildi? Çünki o, həmin qapıdan keçməklə kifayətlənmədi. O, country musiqisini onun sərhədlərindən kənara çıxardı. Dolly özünü də, şöhrətini də zarafata çevirə bilən, siyasətdə sərt qütbləşmələrdən mümkün qədər uzaq duran, yoxsulluq içindən çıxaraq milyonlarla insanın özünə yaxın hiss etdiyi bir fiqura çevrilən sənətçidir. Onun hekayəsində Amerika özünü görmək istəyirdi: yoxsulluqdan uğura gedən yol, zəhmət, musiqi və heç vaxt öz köklərindən utanmamaq.