Bir çox insan günlük həyatın stressindən kənarlaşmaq üçün asudə vaxtını film izləməklə keçirir. Sözsüz ki, kino tarixinin ən uğurlu filmlərindən bəhs edəndə İranın adını xüsusən vurğulamasaq olmaz. Sərt rejim senzuralarına baxmayaraq, iranlı rejissorlar həyatın mənası, həyatın dəyəri, ailə və məişət problemlərinin səmimi təsvirləri ilə tamaşaçıların qəlbini fəth edərək adlarını qızıl hərflərlə tarixə yazırlar. Bu gün Dynamix Magazine olaraq, sizlərə Letterboxd platformasında TOP 500-ə daxil olmuş 5 dəyərli İran istehsalı filmi təqdim edəcəyik.
1. Taste of Cherry
Güman ki, bir çox şəxs həyatı boyu ən az bir dəfə həyatın mənası üzərinə düşünüb. Bu film də məhz bu məsələyə diqqət çəkən filmlərdəndir. Bu film həyatın dərinliklərində gizlənmiş olan mənası, intihar, ümid və var olmaq mövzularını bəsit vizualla tamaşaçıya çatdıran dərin və mənalı fəlsəfi dram sayılır.
Obrazların ardıcıllığı və hərəsinin öz düşüncə tərzi bir çox film tənqidçisi tərəfindən yaxşı təsvir kimi qeyd edilmişdi. Hər biri əslində ümumi insanların da həyata baxışını gözlər önünə sərirdi. Bizim əsas obrazımız da hər birini seçəndə diqqət edir ki, pula çox ehtiyacı olan şəxslər olsun. Beləcə seçilən şəxslər onunla asanlıqla razı olarlar. O bunu edir, amma həqiqətən də bunu istəyirdimi özü? Filmin əsas suallarından biri budur. Çünki sonda tərəddüd etdiyini barizcə gördük. Bəzi izləyənlər heyfislənir ki, film bizə sonu göstərmir. Bəlkə də filmi daha çox sevdirən də elə bu nüans oldu. Bir an düşünə bilərsiz ki, görəsən biz olsaq nə edərdik? Yazılan rəylərə əsasən qeyd edə bilərik ki, müasir dövrdə bu cür təklifə müsbət cavab vermək həm etik, həm qanuni olaraq yanlışdır.
Filmdə rejissor bizə bundan əlavə olaraq İrandakı həyatla bağlı da gözəl təsvir nümayiş etdirib. Şərq istehsalı olan mərkəzi Asiya filmlərində olan çoxları üçün sıxıcı tozlu filter müəyyən qədər burda da işlənib. Ancaq İranlı rejissorun bunu etməkdəki məqsədi İrandakı vəziyyəti aşağılamaq yox, onu real formada təsvir etmək idi.
Filmin əsas mesajı da ondadır ki, həyatın mənası böyük və ya qəliz fəlsəfələrdə gizli bir nüans deyil, sadə bir meyvənin damaqda qalan ləzzəti, günəşin batması və ya kiçik bir zövq kimi sadə detallarda gizlidir. Sadəcə həyata hansı pəncərədən baxdığınız önəmlidir.
2. Close-Up
Bəzən elə filmlər olur ki, onlar sadəcə uydurulmuş hekayəni yox, real hadisələri səhnələşdirərək bəyaz pərdəyə daşıyır. Ancaq bu filmi daha da fərqli edən bir nüans var. O hadisələri real vaxtda lentə alır. Yəni tamaşaçı izləyən personajlar hər biri gerçək həyatda o hadisələri o an yaşamış şəxslərdir.
Yuxarıda qeyd edilən səbəbə görə Close-up filmi sadəcə izlənib ötürüləcək adi bir “film” deyil, o həm də reallıq ilə kino arasında olan o sərhədini dağıdan çox qəribə və bənzərsiz təsiri olan təcrübədir. Bu filmin rejissoru İran kino tarixinin ən mötəbər şəxslərindən olan Abbas Kiarostamidir. Və deyilənə görə bu film onun bəlkə də ən güclü filmidir. Siz Letterboxd qiymətləndirməsində də onun bu filminin digərlərinə əsasən ən yüksək qiymətləndirilərdən biri olduğunu rahatlıqla görə bilərsiniz.
Dediyimiz kimi film özü real hadisələr əsasında lentə alınıb. Bu hekayəni təsvir edərkən Kiarostami hekayədə yer alan real insanları istifadə etdiyinə görə film həm bədii, həm də sənədli film ab-havası verir. Bu da izləyənlərin təcrübəsini onlarçün bənzərsiz edir. O reallıqdan çox kənara çıxmamaq üçün musiqi istifadəsini, kamera istifadəsini də ola biləcək ən minimum səviyyədə tutur. Buna görə tamaşaçı filmi izləməklə qalmır, həm də orada yaşayırmış kimi hiss edir.
İranda yer alan cəmiyyətin sosial təbəqələri arasındakı fərqlər və həyatlar da əsas hissələrindən biridir bu filmin. Kasıblıq, hörmət ehtiyacı, təbəqələrarası fərq, insanların özülərinin öz əlləri ilə yaratdığı “status” qarşısında davranışı çox təbii şəkildə reallıqdan kənara çıxmadan göstərilir. Ailə Sabziana inanmışdılar, çünki məşhur bir rejissorun onlarla maraqlanmış olma ehtimalı və fikri onları lap dərindən valeh edir. Bu, cəmiyyətdəki alt təbəqənin şöhrətə necə də romantik yanaşmış olduğunun göstəricisi və incə tənqididir.
Bu film özü də insanı bir neçə sualla baş başa qoyub cavablandırmayan, bizi düşünməyə vadar edən tipdədir. İnsan nə üçün başqası kimi tanıdar özünü? Niyə kinoya sığınar? İnsanın xəyal qurub ona uyğun hərəkət etməsi onu günahkarmı edir? Hansı hallarda insan bağışlayıcı olmalıdır?
3. Children of Heaven
Gündəlik həyatdan bir parça olan filmlər insanlar tərəfindən ən çox sevilən və bağıra basılan filmlər olur, çünki onları izləyəndə heç saxta hekayə ilə qarşılaşmırlar. Hiss edilir ki, dünyada bir yerlərdə bu hadisələrin eynisini yaşayan insanlar mövcuddur. Filmin hekayəsi elə buna görə çox vurucu və real idi ki, izləyənlərin boğazı düyüm-düyüm olur. İçində olduğumuz dünyada bu cür həyatların olması tamaşaçıya bir daha xatırladılır.
Film tənqidçilərinin bir çoxu bu filmi ələ alanda, həmçinin rejim tənqidi olaraq da ələ alır. Siyasi rejim bu qədər sərt olmasa bəlkə də dünya tərəfindən daha az təzyiqə məruz qalardılar və rəfahları yüksək olardı deyə fikirlər səsləndirilir.
Filmi ən güclü edən xüsusiyyətlərindən biri elə uşaqların təbii aktyor işi idi və onların performansına söz ola bilməz. Onlarla birlikdə onların dərdini sizlər də qəlbinizin ən dərində hiss edərək yaşayacaqsınız.
Rejissorun İrandakı həyatları, cəmiyyəti, hətta düşüncə tərzini belə çox ustaca izləyiciyə çatdırır. Və bunları ola bildiyi qədər çılpaq bir reallıqla təqdim edir bizlərə. Buna görə də biz hələ də bu film haqqında danışır və sevdiklərimizə tövsiyə edirik.
4. A Separation
“Bir ailənin dramı ən yaxşı necə alına bilərdi?” deyə bir sual ünvanlansa, şübhəsiz ki, bir çox kino sevən şəxs bu suala bu film ilə cavab verərdi. Çünki bu elə bir filmdir ki, o sadəcə quru və adi hekayə təqdim etmir, həm də hər obrazı tək-tək analiz edir ki, tamaşaçıda hekayə ilə bağ qurmaq üçün anlayış formalaşsın. Beləcə bu filmdə tamaşaçı hadisələri bütün aspektlərdən görərək öz yekun hökmünü oxuya bilir.
Filmin hər obrazı ələ almağa çalışıb, onların aspektini izləyiciyə çatdırmaq niyyəti olduğunu açıqdır, amma bəzi obrazlara daha çox fokuslana bilərdi deyə düşünən çox izləyici var. Xüsusi ilə də ana obrazı burda diqqət çəkəndir. Buna səbəb isə film sanki bəzi yerlərdə qəsdi olaraq onu səhv və yanlış idealogiyalara sahib biri kimi təqdim etməyə çalışırdı. Halbuki, qadının dediklərini həyat yoldaşı etsə idi, indi digər qadın övladını qucağına ala bilərdi. Və İrandakı mövcud rejim göz önündə tutulduqda onların övladları olan o qız üçün xaric daha yaxşıdır, çünki dərslərində uğurlu olan bu qız gələcəyini daha stabil dövlətdə daha yaxşı qura bilərdi. Bir çox kino tənqidçisi qeyd edir ki, film özü də bəzi yerlərdə rejimi tənqid atəşinə tutur. İnsanlarının hüquqlarının bu formada olması isə çoxlarını cin atına mindirmişdi. Buna səbəb bildirdiyimiz rejimin qaydaları olduğu yazılır.
7-dən 70-ə hər kəsin aktyor işi uğurlu alınıb. Beləcə tamaşaçı hekayəni daha yaxşı hiss edə bilib. Rejissorun sonu qeyri-müəyyən bitirməyi “Taste of Cherry” filminin sonunu xatırladıb. Buna səbəb qızın talehi ilə bağlı dəqiq məlumatın verilməməsi idi.
5.Life, and Nothing More…
Bayaq Abbas Kiarostaminin necə bacarıqlı bir rejissor olduğunu qeyd etdik. İndi isə onun yaradıcıllığında yer alan trilogiyanın (the Koker Trilogy) 2-ci filmi olan bu film haqda danışacayıq.
Bu film ilk olaraq zəlzələdən sonra ata-balanın ucsuz dağıntılarda olan səyahətini göstərən sadə bir hekayə kimi təəssürat bağışlayır. Fəqət filmin əsas çatdırmaq istədiyi mesajı zəlzələnin özü deyil, ölümlə üz-üzə qaldıqdan sonra həyatın necə davam etməsidir. 1990-cı ildə İranda baş vermiş dağıdıcı zəlzələdən sonra çəkilən film boyunca Kiarostami dağıntıları və itkiləri göstərməklə qalmır, eyni zamanda uşaqların hələ də oynamasını, insanların evlərini yenidən təmir etməyə çalışmasını, evlənməsini və bir-birinə kömək etməsini göstərir. Beləliklə, zəlzələ yalnız təbii fəlakət deyil, yaşanmış bir həyat bünövrəsinin dağılması və insanın yeni həqiqətə uyğunlaşması üçün bir bənzətməyə çevrilir. “Həyat davam edir” fikri burada sadə optimizm olaraq oxunmamalıdır, hətta deyərdim ki, əksinə, həyatın bütün ağrılara baxmayaraq öz axarını davam etdirməsinin qaçılmazlığını ifadə edir.
Close-Up filmində olduğu kimi burda da film ilə reallıq arasında olan sərhəd bir qədər bulanıqlaşır və qeyri-müəyyən olur. Bunun səbəbi trilogiyanın 1-ci filmi ilə olan əlaqəsində yatırmış. 1-ci filmdəki (Where Is the Friend’s Home?) uşaqların aqibəti ilə maraqlanmaq üçün rejissor o bölgələrə səyahət etdirir. Buna görə tamaşaçı üçün nisbətən qaranlıq hissə yaranır.
Filmin finalı isə bu fikri simvolik şəkildə tamamlayır. Maşının təpəyə qalxmaqda çətinlik çəkməsi, geri sürüşməsi və yoldan keçən bir insanın onu itələyərək yuxarı qalxmasına kömək etməsi həyatın özünə necə də çox bənzəyir. İnsan özü də, həqiqətən, bəzən irəliləyə bilmir, geriyə qayıdır, lakin başqalarının dəstəyi ilə yenidən yoluna davam etməkdə güc tapır. Buna görə maşın həyatı, təpə həyatın çətinliklərini, geri sürüşmək uğursuzluğu və ölümü, maşının itələnməsi isə insan həmrəyliyi ilə birliyini bildirir. Kiarostaminin məharətinin böyüklüyü isə bunu böyük dramatik səhnələrlə deyil, zəlzələdən sonra çay içən, danışan, işləyən, evlənən və bir-birinə kömək edən adi insanların gündəlik həyatını göstərməklə nəql etməsidir.
Film lentə alarkən həmişə yüksək effektlər və büdcələrin önəmli olmadığını, bəsit hekayə və vizualla da uğurlu film yaratmağın mümkün olduğunu İran kino sənayesi bizlərə göstərmiş oldu.
