Türkiyə estradası hər zaman öz mühafizəkarlığı ilə seçilib. Tək bir dövlət kanalı dövründən bir çox sənətçilərə geyimləri və mahnı sözləri ilə bağlı müəyyən senzuralar qoyulmuş, sənətə yeni başlayanlar isə erkən vaxtlardan başqa bir peşə dalınca getmişdi.
Özəl kanalların fəaliyyətə başlamasının ardından isə estrada və “Türkçe Pop” yeni bir eraya yüksəlmiş və musiqi mükafatları gecələrinə qədər estrada fərqli bir yerə sahib olmuşdu.
2010-cu illərə gəldikdə isə Türkiyə yenidən öz mühafizəkarlığı ilə gündəmə gəlmişdi. Ölkə Avroviziya Mahnı Müsabiqəsi, Rock’n Coke festivalı və bir çox musiqili tədbirə qadağa qoymuşdu.
Bütün bunlara baxmayaraq, son bir ildə Türkiyə pop səhnəsində elə bir hadisə baş verdi ki, ölkənin musiqi xəritəsi bir qədər dəyişdi. Altı gənc qızın bir araya gəlməsi ilə doğulan Manifest yeni bir qız qrupu olmaqla yanaşı, özünəməxsus estetika, fərqli səhnə dili və aydın hədəflə hərəkət edən bir layihəyə çevrildi.
Bəs bu qrup necə yarandı?
Manifest-in hekayəsi 2025-ci ildə Hypers New Media-nın təşkil etdiyi “Big5 Türkiye” layihəsi ilə başlayır. Minlərlə namizəd arasından aparılan seçim prosesi aylarla davam edir, vokal, rəqs və səhnə xarizması ayrı-ayrılıqda qiymətləndirilirdi. Prosesin sonunda altı ad üzərində qərar qəbul olundu. Bunlar Esin Bahat, Hilal Yelekçi, Lidya Pınar, Mina Solak, Sueda Uluca və Zeynep Sude Oktaydır.
Maraqlıdır ki, layihə əvvəlcə beş nəfərlik heyət üçün nəzərdə tutulmuşdu. Sonradan Esin Bahatın da qrupa qatılması ilə qrup üzvləri altı nəfərə çatdı və elə bu tərkiblə də Manifest bugünkü kimliyinə qovuşdu. Final heyəti müəyyənləşdikdən sonra altı aylıq intensiv hazırlıq mərhələsi izlədi.
Manifest bir çoxları tərəfindən Türkiyənın “K-Pop” qrupu adlandırılsasa amma qrup özünü “K-pop-un Türkiyə versiyası” kimi mövqeləndirmir. Əksinə, K-pop-un sınanmış sənaye modelindən ilham alaraq, tamamilə yeni Türkiyəyə məxsus bir kimlik qurmağa çalışır. Bu yanaşmanı bəzi müşahidəçilər artıq “T-Pop” adlandırmağa başlayıb və məhz bu cəhət Manifest-i digər yeni qrup layihələrindən ayıran əsas xüsusiyyətdir.
Qrupu sevdirən başqa bir güclü cəhət isə hər qızın fərqli bir kimliyə sahib olmasıdır.
Qrupun emosional və güclü səhnə performansı ilə diqqət çəkən vokalisti Esin Bahatdır. Rəqsi ilə fərqlənən, həm vokalda, həm də hərəkətdə enerjisi ilə seçilən Hilal Yelekçi, yumşaq, zərif üslubu ilə qrupun ümumi obrazına balans qatan Lidya Pınar, professional rəqs keçmişi olan, salsa təcrübəsinə malik və əvvəllər Edisin səhnə komandasında çalışmış rəqqas Mina Solak, qrupun ən gənc üzvü, on ildən artıq rəqs təcrübəsi olan və uzun müddət rəqs müəllimliyi edən əsas vokal Sueda Uluca və vokalı qədər rep və performans tərəfi ilə də seçilən, Big5-də beşinci yeri tutmuş, səhnə xarizması yüksək olan Zeynep Sude Oktaydan ibarətdir.
Qrupun rəsmi debütü 7 fevral 2025-ci ildə “Zamansızdıq” mahnısı ilə baş tutdu. Ardınca “Arıyo”, “KTS (Kalbimin Tek Sahibi)” və “Snap” kimi treklər gəldi. Hər biri Manifest-in dinləyici bazasını genişləndirdi.
2025-ci ilin iyununda qrup ilk albomu “Manifestival”ı təqdim etdi, sonrasında isə albomun deluxe versiyası yayımlandı. 2026-cı ildə ölkənin əsas super ulduzu Ajda Pekkan ilə “Hileli” düeti “Amatör”, “Daha İyi” və “Başrol Sensin” kimi yeni işlərlə fəaliyyət davam etdi.
Qrupun özünün tez-tez vurğuladığı bir deviz var. “Six girls. One motion” — “Altı qız, bir enerji”. Bu fəlsəfə isə kollektiv həmrəyliyə əsaslanır və Manifest-in fan bazası ilə qurduğu emosional bağın əsas mənbələrindən biridir.
Amma diqqət çəkən bir məqam da var ki, qrup Türkiyədə bir çox mühafizəkar kütlələr tərəfindən birmənalı qarşılanmır. Bir çox kütlə qrupu xarici güclərin Türkiyəni aşağı salmaq üçün yaratdığı layihə kimi qəbul edir. Bir yandan ölkənin müəyyən hissələrində qrupa giriş qadağan edilir, hətta barələrində həbs qərarı belə alınmışdı.
İncəsənətin qurban tələb etdiyi bir dövrdə və günümüzün mühafizəkar Türkiyəsində belə bir istedadlı qrupun qlobal səhnəyə addımlaması ölkənin estradası üçün böyük bir addım kimi dəyərləndiririk.
