Skip to content

Dynamix Magazine

Qalib Həsənov Kopenhagendə yeni kolleksiyasını təqdim etdi

Bu günlərdə Kopenhagendə keçirilən Copenhagen Fashion Week çərçivəsində azərbaycanlı-gürcü dizayner, Zalando Visionary Award mükafatının qalibi olan Qalib Həsənovun (Galib Gassanoff) altıncı kolleksiyası təqdim olunub. Onun INSTITUTION layihəsinin «YAD» adlanan yaz-yay kolleksiyası bu anlayışın ikili mahiyyəti üzərində qurulub: «yad» sözü eyni zamanda «yaddaş, xatirə» və «yabançı, naməlum» mənalarını ifadə edir. Həsənov Vogue Netherlands üçün kolleksiyasını belə izah edib: «INSTITUTION ənənələr, irs, mədəniyyət və onlardan doğan xatirələr ətrafında qurulub. Bu, mənim altıncı kolleksiyamdır. Hər kolleksiyamda mədəniyyətimin, böyüdüyüm mühitin müxtəlif aspektlərindən bəhs edirəm. Bunlar danışmağı sevdiyim hekayələrdir.»

Şou Dövlət İncəsənət Muzeyində keçirilib. Podiumun bütün perimetri boyunca Azərbaycan, Gürcüstan, Şimali İran və Mərkəzi Asiyadan gətirilmiş əl işi xalçalar sərilmişdi. Qalib Həsənovun bütün kolleksiyalarında həm geyim elementi, həm də dekor kimi istifadə etdiyi xalçalar onun üçün böyük əhəmiyyət daşıyır. Onun əcdadları çoban və xalçaçılar olublar. Dizayner öz yaradıcılığı ilə bu qədim ənənəni yeni formalara və toxuma üsullarına transformasiya etməyə, ona müasir həyat qazandırmağa və tarixini yaşatmağa çalışır.

Məkanın muzey kimi seçilməsi də təsadüfi deyil. Dizayner Metal jurnalına verdiyi müsahibədə əsas məqsədlərindən birinin azadlıq sistemini təşviq etmək və insanları fərqli düşünməyə çağırmaq olduğunu bildirib. Onun dəyərlər sistemində geyim sadəcə əşya deyil, müəyyən ideyanın, fəlsəfənin və tarixin daşıyıcısıdır. «Tekstil qarderobunuzda asıldıqda bu, geyimdir, lakin muzeydə sərgiləndikdə qəfildən sənət əsərinə çevrilir», – deyə Həsənov bildirir.

Kolleksiyanın rəng palitrasını qara, ağ, boz və qəhvəyi kimi neytral tonlar təşkil edirdi. Bu rənglər podiumu bəzəyən xalçaların zəngin və parlaq çalarları ilə kəskin kontrast yaradır. Modellər podiumda ayaqyalın addımlayırdılar ki, bu da evə daxil olarkən ayaqqabıları çıxarmaq kimi Qafqaz ənənəsinə istinad edir. Modellərin ayaqlarında isə bunun əvəzinə azərbaycanlı ustalar tərəfindən əl ilə toxunmuş corabların müasir interpretasiyaları vardı. Onlar Gürcüstanın Kvemo Kartli bölgəsində yaşayan azərbaycanlı sənətkarlar tərəfindən öz təsərrüfatlarında yetişdirdikləri qoyunların yunundan hazırlanmışdı.

Bütün bunlar geyimin roluna yeni prizmadan baxmağa çağıran INSTITUTION layihəsinin DNT-sini əks etdirir. Qalib Həsənov insanların həyat hekayələrini nəql edən və Azərbaycanın mədəni irsinin qorunmasına xidmət edən geyimlər yaradır.

«Mən heç yerə tələsmirəm, buna ehtiyac yoxdur» – deyə dizayner Metal-a müsahibəsində bildirir.

Öz fəlsəfəsinə sadiq qalan Qalib Həsənov artıq istedadlı dizaynerlər pleyadasında öz yerini tutub. O, bu gün Zalando Visionary Award mükafatının qalibi, LVMH Prize müsabiqəsinin finalçısı və Milan Fashion Week-in daimi iştirakçılarından biridir.