Skip to content

Dynamix Magazine

Əfsanəvi Bonnie Tylerin həyat körpüsü

Kimiləri üçün ikona, kimiləri üçün əfsanə…

80-ci illərin pop rok ikonası Bonnie Tyler.  Güclü və emosional ifası, bənzərsiz xırıltılı səsi və illər keçsə də dəyərini itirməyən mahnıları ilə o, dünya musiqisinin ən tanınmış simalarından birinə çevrilib. Kimiləri üçün pop-rok musiqisinin ikonası, kimiləri üçün isə əfsanə olan Bonnie Tyler yarım əsrdən çoxdur ki, milyonlarla dinləyicinin qəlbində yaşayır.

Bonnie Tyler 8 iyun 1951-ci ildə Böyük Britaniyanın Uels bölgəsindəki Skewen qəsəbəsində Gaynor Sullivan adı ilə dünyaya gəlib. Altı uşaqlı ailədə böyüyən gələcək ulduz hələ uşaqlıq illərindən musiqiyə böyük maraq göstərirdi. Kilsə xorunda oxuyur, boş vaxtlarında isə sevdiyi ifaçıları dinləyərək bir gün səhnəyə çıxmağın xəyalını qururdu.

Məktəbi bitirdikdən sonra bir müddət ərzaq mağazasında çalışsa da, musiqi sevgisi onu səhnədən uzaq saxlaya bilmədi. Yerli qruplarla çıxış edən gənc ifaçı müxtəlif müsabiqələrdə iştirak edərək diqqət çəkməyə başladı. Məhz həmin illərdə Gaynor Sullivan səhnə adı olaraq Bonnie Tyler adını seçdi və peşəkar musiqi karyerasına ilk addımlarını atdı.

Onun həyatını və karyerasını dəyişən hadisələrdən biri səsində baş verən dəyişiklik oldu. Səs tellərində yaranan düyünlər səbəbindən əməliyyat olunan Bonnie Tylerə həkimlər uzun müddət danışmamağı tövsiyə etsələr də, o bu qaydaya tam əməl etmədi. Nəticədə səsi əvvəlkindən daha kobud, daha xırıltılı və daha fərqli tembr qazandı. İlk baxışdan problem kimi görünən bu dəyişiklik sonradan onun ən böyük fərqləndirici xüsusiyyətinə çevrildi və Bonnie Tyleri milyonlarla ifaçı arasından seçilən unikal səs sahibi etdi.

1977-ci ildə yayımlanan “Lost in France” və xüsusilə “It’s a Heartache” mahnıları onun beynəlxalq uğurunun əsasını qoydu. “It’s a Heartache” qısa müddətdə dünyanın bir çox ölkəsində hit-paradların zirvəsinə yüksəldi və Bonnie Tylerin adını dünya musiqi səhnəsinə yazdırdı.

Lakin onu əsl əfsanəyə çevirən mahnı 1983-cü ildə təqdim olunan “Total Eclipse of the Heart” oldu. Güclü emosional yükü, möhtəşəm melodiyası və Bonnie Tylerin unudulmaz ifası sayəsində mahnı ABŞ, Böyük Britaniya və dünyanın bir çox ölkəsində birinci pilləyə yüksəldi. Aradan onilliklər keçməsinə baxmayaraq, bu əsər hələ də bütün zamanların ən məşhur balladalarından biri hesab olunur.


Onun növbəti böyük uğurlarından biri olan “Holding Out for a Hero” isə filmlərdə, seriallarda, reklamlarda və idman tədbirlərində səslənərək yeni nəsillərin də sevimli mahnılarından birinə çevrildi. Bonnie Tylerin yaradıcılığı bununla sübut etdi ki, əsl hitlərin ömrü zamanla ölçülmür.



2013-cü ildə Bonnie Tyler Böyük Britaniyanı Avroviziya mahnı müsabiqəsində “Believe in Me” mahnısı ilə təmsil etdi. Yarışmada yüksək nəticə əldə etməsə də, onun peşəkar səhnə performansı və canlı ifası tamaşaçılar tərəfindən yüksək qiymətləndirildi.



Yarım əsrdən artıq davam edən karyerası ərzində Bonnie Tyler onlarla albom təqdim edib, dünya üzrə milyonlarla nüsxə satıb və yüzlərlə konsert proqramı ilə fərqli ölkələrdə çıxış edib. Onun mahnıları bu gün də filmlərdə, seriallarda və müxtəlif televiziya layihələrində səslənərək yeni dinləyicilər qazanmağa davam edirdi.


1973-cü ildə daşınmaz əmlak sahəsində çalışan Robert Sullivan ilə ailə quran Bonnie Tyler uzun illərdir xoşbəxt evlilik həyatı yaşadı. O, müsahibələrində həyat yoldaşını hər zaman ən böyük dəstəkçisi adlandırıb və səhnədən kənarda sakit həyat tərzinə üstünlük verdiyini bildirib.

Səhətində yaranan ciddi problemlər səbəbi ilə əməliyyat üçün getdiyi Portuqalyada 9 İyul tarixində 75 yaşında dünyasını dəyişdi.

Ondan isə bizə geriye sayısız hitlər qaldı