Skip to content

Dynamix Magazine

Dynamix Guide: Budapeşt, Vyana və Praqa üçün real səyahət tövsiyələri

Avropanın ən çox ziyarət olunan üç şəhərini – Budapeşt, Vyana və Praqanı ən yaxşı yol xəritəsi və real tövsiyələr əsasında sizinlərlə bölüşürük.

Macarıstan (Budapeşt)

Hər üç şəhər Şengen zonasında yerləşdiyi üçün Azərbaycan vətəndaşlarına viza tətbiq olunur. Bakı–Budapeşt arası təyyarə ilə təxminən 4 saat və ya daha çox çəkə bilər.

Harada qalmalı?
Bu sualın cavabı hər insan üçün fərqli ola bilər. Əgər səyahətə tək gedirsinizsə və ya yaxın dostlarla məqsədiniz gəzmək, kəşf etməkdirsə, hostellər ən uyğun seçimdir. Macarıstan üçün Adagio, JO&JOE tipli, müasir və daha çox gənclərin üstünlük verdiyi hostellərə baxa bilərsiniz.

Haraya getməli?
Şəhəri planlı şəkildə 2 günə gəzmək mümkündür. Şəhər iki hissədən ibarətdir: Buda və Peşt. Daha çox görülməli yerlər: Müqəddəs Stefan Bazilikası, Balıqçılar Bastionu, Buda Qalası, Zəncirli Körpü, Macarıstan Parlamenti, Qəhrəmanlar Meydanı, Dunay sahilindəki Ayaqqabılar abidəsi və s.

Dadlar:
Macarıstan milli mətbəxinə mənsub olan qulyaş və langoşun dadına baxa bilərsiniz. Bundan əlavə, fərqli şirniyyat növləri, eləcə də trdelnik sizin üçün yaxşı seçim olacaq.

Macarıstandan daha sərfəli, həm də sürətli şəkildə Avstriyanın paytaxtı olan Vyanaya getmək çox rahatdır. Ortalama 4 saatlıq FlixBus avtobusları ilə getməyiniz məsləhət görülür.

Vyananın Macarıstana nisbətən daha bahalı şəhər olduğunu vurğulamaq tam yerinə düşər.

Avstriya (Vyana)

Harada qalmalı?
Mərkəzi yerlərdə, xüsusilə otellərdə qiymətlər Avropa şəhərlərinin ortalamasına görə daha yüksək ola bilər. Sərfəli qiymətə mərkəzdən bir qədər uzaqda yerləşən otellərə, məsələn, İbis otel şəbəkəsinə və ya mərkəzdə yerləşən Do Step Inn kimi hostellərə üstünlük verə bilərsiniz.

Haraya getməli?
Şönbrunn Sarayı, Müqəddəs Stefan Kafedralı, Vyana Dövlət Operası, Belvedere Sarayı, Karlskirxe kilsəsi və s. kimi ən məşhur turistik məkanları ziyarət edə bilərsiniz.

Foto: Firudin Rüstəmli

Dadlar:
Avstriyaya getmisinizsə, yeməli olduğunuz ən əsas yemək şnitseldir. Vyanada Müqəddəs Stefan Kafedralının yaxınlığında şnitselin dadına baxmaq insana ayrı bir zövq verir. Eyni zamanda, məşhur Avstriya şirniyyatı olan Zaxer tortu da şnitseldən sonra desert olaraq ən yaxşı seçimdir.

Avstriyadan qatar vasitəsilə orta hesabla 4 saat ərzində Çexiyanın paytaxtı olan Praqaya yollanmaq mümkündür.

Praqa özünəməxsus ab-havası ilə Avropa şəhərləri arasında çox fərqlənir.

Çexiya (Praqa)

Harada qalmalı?
Vyanaya nisbətən daha münasib şəhərdir. Bu baxımdan seçiminizi səyahət planınıza əsasən edə bilərsiniz. Çox yeriməyi sevmirsinizsə, daha mərkəzi Airbnb mənzillərinə, otellərə və ya münasib qiymətli hostellərə baxa bilərsiniz. Əgər deyirsinizsə ki, şəhərin hər yerini görmək, yeri gələndə bol-bol gəzmək istəyirsiniz, bir qədər kənarda da qala bilərsiniz. Bu baxımdan Andel metro stansiyasının yaxınlığında yerləşən İbis oteli fərqlənir. Otel münasib qiymət və yüksək keyfiyyətə malikdir.

Foto: Firudin Rüstəmli

Haraya getməli?
Karl Körpüsü, Praqa Qalası, Köhnə Şəhər Meydanı, Praqa Astronomik Saatı, Rəqs Edən Ev, Müqəddəs Vitus Kafedralı və s. kimi yerlərə baş çəkdiyiniz zaman özünüzü sanki bir nağılın baş qəhrəmanı kimi hiss etməyiniz çox normaldır. Çünki Praqa bu hissləri yaşamaq üçün çox uyğun bir şəhərdir.

Dadlar:
Milli yeməkləri olan mal əti, tərəvəz sousu və çörək köftəsindən ibarət Svıçkovanı dadmağa dəyər. Onun ardından isə desert olaraq məşhur çex trdelnikini yoxlaya bilərsiniz.

Bu və buna bənzər faydalı səyahət məlumatları üçün bizi izləməyə davam edin.