Skip to content

Dynamix

“Brat Summer”-in banisi Charli XCX-in yeni albomu

Son illərin ən təsirli və unikal tərzə sahib pop ulduzlarından biri olan Charli XCX daim özünü yenidən kəşf etməyi bacaran və sərhədlərini dağıdaraq yeniliklərə can atan sənətçilərdəndir. 2024-cü ildə yayımlanan və bir çoxumuzun bu gün belə gündəlik həyatının parçası olan “Brat” albomu sadəcə kommersiya və billboard uğuru qazanmadı, həm də “Brat Summer” fenomenini yaradaraq moda, sosial media və pop mədəniyyətinə təsir göstərərək hər cür sənət sahəsində qarşımıza çıxdı. Parlaq yaşıl vizualları, cəsarətli elektron səsi və sərhədləri aşan estetikası ilə Brat Charli XCX-in karyerasının ən önəmli və açıq ara ən səs gətirən işlərindən birinə çevrildi və onu müasir pop musiqisinin istiqamətini müəyyən edən öz imici və dürüstlüyü ilə seçilən sənətçilərdən biri kimi yaddaşlara yazıb.

“Brat” albomundan düz iki il sonra isə Charli daha fərqli istiqamət seçərək “Music, Fashion, Film” albomunu sevənlərinə təqdim etdi. 24 iyul 2026-cı ildə işıq üzü görən albom Brat dövrünün yüksək enerjili klub və parti musiqisindən uzaqlaşaraq daha introspektiv, gitara elementləri ilə zəngin və eksperimental səslənmə təqdim edib. Albomun əsas mövzuları isə adından da fərq ediləcəyi kimi şöhrət, yaradıcılıq, şəxsi kimlik və müasir pop ulduzu olmağın gətirdiyi təzyiqlərdir. Bu layihə musiqi ilə yanaşı moda və kino dünyasına da çoxsaylı istinadlar edir və Charli XCX-in sənətçi kimi yeni mərhələyə keçidini nümayiş böyük məharət və uğurla bizlərə təqdim edib.

Albomun önə çıxan, güclü 3 mahnısı bunlardır:


1. “Card Declined”

Albomun ən çox müzakirə doğurmuş mahnılarından biri olan “Card Declined” istehlak mədəniyyəti, uğur və şəxsi dəyərlər haqqında satirik yanaşması ilə diqqət çəkir. Minimalist prodakşn və ironik sözləri sayəsində həm tənqidçilər, həm də dinləyicilər tərəfindən albomun əsas məqamlarından biri hesab olunur. Charli XCX Taylor Swift başda olmaqla bir çox musiqi sənayesinin “div”-lərinə qorxmadan diss atdığını bilirik və bu mahnısında da tənqidçi yanaşmasını göstərib.


2. “Camera”

“Camera” Charli XCX-in son illərdə kino sahəsinə marağını əks etdirən ən şəxsi mahnılardan sadəcə biridir. Mahnıda kamera qarşısında bir “celebrety” kimi yaşamağın, çiyinlərində ağır yük olan ictimai obraz yaratmağın və şəxsi həyatın daim paparazzilər tərəfindən addım-addım izlənilməsinin gətirdiyi psixoloji yükü əhatəli bir formada təsvir edilib. Elə buna görə də bu trek albomun konsepsiyasını ən yaxşı ifadə edən nümunələrdən sayılır. Və sizlər Charli XCX xüsusən baş rollarını Margot Robbie və Jacob Elordi paylaşan “Wuthering Heights” filmində bəstələdiyi mahnılarla film sənayesində də bir yeri olduğunu sübut edib.


3. “Wink Wink”

Albomun ən dinamik treklərindən biri olan “Wink Wink” Charli XCX-in eksperimental pop üslubunu qoruduğunu yenidən göstərir. Mahnı həm ritmik quruluşu, həm də sosial mediada sürətlə yayılması sayəsində albomun fanatlar arasında ən çox dinlənilən işlərindən birinə çevrilib. O, albomun əsas sinqllarından biri kimi layihənin təqdimatında mühüm rol oynayıb.

Öz yaşılını geridə qoymuş Charli XCX

“Music, Fashion, Film” dinləyənlərinə göstərir ki, Charli XCX bir janr və ya obraz daxilində qalmaq niyyətində olmayıb heç bir zaman. Əgər Brat azadlığın, parti mədəniyyətinin və pop enerjisinin parlaq simvolu idisə, yeni albom daha çox özünü dərk etməyə, şöhrətin görünməyən tərəflərinə və yaradıcı transformasiyaya fokuslanır. Bu dəyişiklik bütün dinləyicilər üçün gözlənilməz ola bilər, lakin məhz risk etmək və hər albomunda yeni istiqamət seçmək Charli XCX-i müasir pop musiqisinin ən maraqlı, səmimi, dürüst, qorxmaz və yenilikçi simalarından birinə çevirir.

Və Charli XCX-i “Letterboxd” kimi film platformasında ictimai hesabı ilə kino mədəniyyəti ilə bağlı fikirlərini paylaşır.