Dream Fest 2026 təkcə musiqi performansları ilə deyil, həm də ulduzların qırmızı xalça və səhnə obrazları ilə diqqət mərkəzində oldu. Festival boyunca Azərbaycanın tanınmış ifaçıları özünəməxsus üslublarını nümayiş etdirərək fərqli moda yanaşmaları sərgilədilər. Klassik zəriflikdən cəsarətli və avanqard seçimlərə qədər uzanan bu obrazlar həm tamaşaçıların, həm də sosial media istifadəçilərinin geniş müzakirəsinə səbəb oldu. Gəlin, Dream Fest 2026-da ən çox diqqət çəkən kombinlərə birlikdə nəzər salaq.
1. Tünzalə Ağayeva
Tədbirin ikinci günündə iştirak edən Xalq artisti Tünzalə Ağayeva imici ilə fərqlənib. Pop ulduzun geyimi, onun bəstəkar kimi mahnıya çevirdiyi görkəmli Azərbaycan şairlərinin şeirlərindən seçilmiş misralarla naxışlanıb. Ağ geyiminin üzərində yer alan şeir misraları obrazına həm poetik ovqat, həm də fərqli bir zəriflik qatıb. Bununla yanaşı, libasın üzərində Tünzalə Ağayevanın portreti də əks olunub. Söz və təsvirin ahəng içində qovuşduğu bu xüsusi geyim sənətkarın yaradıcılığının 25 illik yubileyinə ithaf edilib və onun sənət yoluna zərif bir ehtiramın ifadəsinə çevrilib.
Beş ay ərzində hazırlanan geyimin müəllifi dizayner Lali Rüstəmova, libasın üzərində əks olunan portret isə rəssam Nərgiz Hüseynovaya məxsusdur. Xalq artistinin saçı və makiyajı üzərində isə stilist Sabir Bağırov çalışıb.
2. Zülfiyyə Xanbabayeva
Xalq artisti Zülfiyyə Xanbabayeva “Dream Fest”in qırmızı xalısında diqqətçəkən qonaqlardan biri olub.
Estrada ulduzu möhtəşəm musiqi gecəsinə modelyer Rüfət İsmayılın xüsusi olaraq hazırladığı qara və ağ çalarlı libasla qatılıb.
Sənətkarın saç düzümü və makiyajı tanınmış stilist Elnur Həsənov tərəfindən hazırlanıb.
Sənətçi bu dəfə də fərqli görünüşüdə fotoqraflar qarşısına keçib.
Qırmızı xalçada yerli və xarici KİV nümayəndələrinin böyük marağı ilə qarşılanan Zülfiyyə Xanbabayeva jurnalistlərin suallarını cavablandıraraq festival təəssüratlarını bölüşüb.
Artistin video müəllifi TheMohammedia-dır.
3. Nigar Camal
Avroviziya qalibi Nigar Camal “Dream Fest”in ikinci günündə gümüşü xalıda yerini alıb.
O, bu dəfə müğənnilikdən əlavə, gümüşü xalıda aparıcı kimi də fəaliyyət göstərib.
Transparan geyimi ilə diqqət çəkən Nigar qonaqlarla Azərbaycan dilində danışıb və onlara suallar ünvanlayıb.
Qeyd edək ki, sənətçi “Keks” mahnısı ilə performans göstərib.
4. Faiq Ağayev
Sevilən xalq artisti Faiq Ağayev, DREAM FEST 2026 musiqi festivalında hər zamankı imicindən tamam fərqli və bütün diqqt və gözləri üzərinə çəkən tərzi ilə çıxış edib.
Sənətçi çiyin bərabərində olan qara saçları ilə yeni stilini sevənlərinə nümayiş etdirib. Bu tərz ona fransız zadəganları ab-havası qatıb.
Qırmızı xalçaya krem rəngli eleqant kostyumda çıxıb. O klassik zərifliyi müasir toxunuşlarla tamamlayan kostyumu ilə səhnədə həm eleqant, həm də xarizmatik görünüş sərgilədi.
Faiq Ağayev bu musiqi şousunun əhəmiyyətini vurğulayaraq, Dream Fest-in xarici qonaqlara Azərbaycanı və mədəniyyətimizi yaxından tanıtmaq üçün mükəmməl bir platforma olduğunu bildirib.
5. Dilarə Kazımova
2014-cü il Avroviziya təmsilçimiz Dilarə Kazımova Dream Fest 2026-da seçdiyi parıltılı və cəsarətli libası ilə festivalın ən yaddaqalan obrazlarından birinə imza atdı.
Zərif siluet, diqqətlə işlənmiş detallar və işıqlar altında fərqli çalarlarla parıldayan dizayn onun səhnə xarizmasını daha da ön plana çıxardı. Onun yaratmağa çalışdığı personaj isə çoban olub. Buna görə də minimal aksesuar seçimi və təbii makiyajı ilə geyindiyi libasın əsas vurğusunu qoruyaraq obrazın tam balansını təmin etdi.
Dilarə Kazımova özünəməxsus üslubunu səhnə enerjisi ilə birləşdirərək həm müasir dəb tendensiyalarını, həm də fərdi zövqünü uğurla nümayiş etdirdi. Bu görünüş, həm estetik baxımdan, həm də səhnə performansı ilə yaratdığı bütöv təəssürat sayəsində gecənin ən çox müzakirə olunan və sevilən kombinlərindən biri oldu. Həmçinin Dilarə xanım bildirib ki:
“Biz həmişə kraliça kimi çıxmışıq indi çoban kimi. Köklərimizə geri qayıtdıq.”
6. Aysel Məmmədova
2009-cu il Avroviziya təmsilçimiz Aysel Məmmədova Dream Fest 2026-da zərifliyi və sadəliyi bir araya gətirən obrazı ilə diqqət mərkəzində oldu.
Sea Breeze-in mavi dalğaları ilə harmoniya təşkil edən axıcı kəsimli libası ona eleqant bir imic verib. Təbii makiyajı və səliqəli saç düzümü görünüşün ümumi harmoniyasını qoruyaraq gözalıcı bir obraz yaratmağa kömək edib. Ayselin seçimi nümayişkaranə elementlərdən uzaq olsa da, incə zövqü və özünəməxsus üslubu ilə seçilərək festivalın ən estetik kombinlərindən biri hər bir izləyicinin kimi yadda qaldı.
O, səhnədəki sakit, lakin təsirli enerjisini geyim seçimi ilə də uğurla tamamladı. Bu görünüş klassik dəb anlayışını müasir toxunuşlarla birləşdirərək həm tamaşaçıların, həm də moda həvəskarlarının rəğbətini qazandı. Elə buna görə də Qırmıxı Xalının ən unudulmaz şəxslərindən biri məhz Aysel oldu.
7. Aygün Kazımova
Azərbaycanın Xalq artisti Aygün Kazımova Dream Fest 2026-da yenə də cəsarətli və iddialı səhnə obrazı ilə festivalın ən çox diqqət çəkən ulduzlarından biri oldu. Bir daha hər kəsə Azərbaycan şou-biznesinin ən öncül şəxslərindən biri və divası olduğunu xatırlatdı.
Səhnə üçün xüsusi hazırlanmış libası, parlaq motivlər, alışılmamış kəsim və dinamik detallar sayəsində həm müasir dəb tendensiyalarını, həm də onun illərdir formalaşdırdığı səhnə estetikasını özündə uğurla əks etdirirdi. Obrazı tamamlayan xüsusi seçilmiş aksesuarlar, peşəkar makiyaj və fərqli saç düzümü hər detalın bir-biri ilə ahəng təşkil etməsinə imkan yaradırdı.
Aygün Kazımova hər zaman olduğu kimi bu dəfə də geyim seçimində risk etməkdən çəkinməyərək öz fərdi üslubunu bizlərə təqdim edib. Güclü səhnə enerjisi, özünəinamlı duruşu və vizual şousu ilə birlikdə təqdim etdiyi kombin festivalın ən çox müzakirə olunan və yadda qalan obrazlarından birinə çevrilib. Bu görünüş bir daha göstərib ki, Aygün Kazımova trendləri alt-üst edən musiqisi ilə deyil, həm də vizual olaraq xaliquladə dəb seçimləri və səhnə xarizması ilə də sıfırdan trendlər yaratmağa davam edir.
