Skip to content

Dynamix

Qırmızı işıqlar yoxsa günahkarlar məhəlləsi

Amsterdamın mərkəzində elə bir məhəllə var ki, onu hər il milyonlarla insan ziyarət edir. Dar küçələri, qırmızı işıqlarla işıqlandırılmış vitrinləri və əsrlərə söykənən tarixi ilə De Wallen şəhərin ən məşhur və ən çox müzakirə olunan yerlərindən biridir. Dünyada daha çox “Qırmızı İşıqlar Məhəlləsi” kimi tanınan bu ərazi uzun illərdir həm maraq, həm də mübahisə mövzusudur. Bəs De Wallen həqiqətən nədir? Sadəcə gecə həyatı ilə məşhur bir məhəllə, yoxsa Amsterdam tarixinin ayrılmaz hissəsi? Gəlin bu tarixə qısa bir nəzər salaq. Hekayə əsrlər əvvəl başlayır. Amsterdam böyük liman şəhərinə çevrilərkən, dənizçilər və tacirlər bu küçələrə axışırdı. Məhz həmin dövrdə De Wallen formalaşmağa başladı və zamanla şəhərin ən tanınmış bölgələrindən birinə çevrildi.

Bu gün De Wallen əsasən vitrin seks işçisi modelləri ilə tanınır. Küçələr boyunca yerləşən işıqlandırılmış vitrinlərdə seks işçiləri xidmətlərini təklif edir. Bununla savayı fəaliyyət göstərən mağazalarda tərkibi anti depresant və qadağan olunmuş maddələr ilə hazırlanmış qidalar açıq satış göstərir Qırmızı işıqlar da illər ərzində məhəllənin əsas simvoluna çevrilib. 2000-ci ildə Niderland seks işini tam qadağan etmək əvəzinə onu qanuni fəaliyyət sahəsi kimi tənzimləməyə qərar verdi. Bu gün burada çalışan şəxslər rəsmi qeydiyyatdan keçə, vergi ödəyə və fəaliyyətlərini qanun çərçivəsində davam etdirə bilirlər.

Amma De Wallen təkcə bundan ibarət deyil.

Bura Amsterdamın ən qədim məhəllələrindən biridir. Buradakı bəzi binaların yaşı yüz illərlə ölçülür. Dar küçələr, qədim memarlıq nümunələri və romantik kanallar məhəlləyə özünəməxsus görünüş qazandırır. Maraqlıdır ki, hər il milyonlarla turist məhz bu küçələri görmək üçün Amsterdama gəlir. Ərazidə muzeylər, kafelər, barlar və müxtəlif əyləncə məkanları fəaliyyət göstərir. Lakin məhəllənin ən təəccüblü xüsusiyyəti başqa yerdədir.

Qırmızı işıqların və canlı gecə həyatının tam ortasında Oude Kerk yerləşir. Təxminən 700 illik tarixə malik bu kilsə şəhərin ən məşhur memarlıq abidələrindən biridir.

Bəlkə də De Wallen-in sirri elə bundadır. Burada tarix və müasirlik, ənənə və tabu, sakitlik və canlılıq bir-birinə qarışır. Hazırda De Wallen sadəcə bir məhəllə olmaqla yanaşı Amsterdamın keçmişi ilə bu gününün üz-üzə gəldiyi, dünyanın ən qeyri-adi şəhər məkanlarından biridir.