İllərdir müasir Azərbaycan musiqisinin tacını layiqincə daşıyan və öz yerini heç kimə verməyən Pop Diva Aygün Kazımova daha bir səs-küylü layihə ilə gündəmdədir. Sözləri və musiqisi Abbas İsmayılova məxsus olan “Məclis” mahnısı sənətçinin rəsmi YouTube kanalında yayımlanıb.
Klipdə istifadə olunan müxtəlif obrazlar və əsasən sirk estetikasından ilhamlanan vizual elementlər müğənninin enerjili ifası ilə ahəng təşkil edir. Layihə dinləyicilərə bol əyləncə və rəqs vəd edir. Rep janrına yaxın elementlər daşıyan “Məclis” ilk növbədə vizual tərəfi, yüksək enerjisi və fərqli təqdimatı ilə diqqət çəkir.
Bəs böyük bir komandanın əməyinin nəticəsi olan bu mahnıda Aygün Kazımova dinləyiciyə əslində nə demək istəyir?
Layihənin görünməyən tərəflərinə nəzər saldıqda, mahnının əsas mesajının status, özünəinam və təsir anlayışları üzərində qurulduğunu görürük.
“Hamı məndən danışanda” misrası sənətçinin artıq gündəmin əsas simalarından biri olduğunu və onu görməzdən gəlməyin mümkünsüzlüyünü vurğulayır.
“Onlar danışır, gəlir işimə” ifadəsi isə tənqidin ona zərər vermədiyini, əksinə, istənilən diqqətin nəticədə maraq və reklam yaratdığını göstərir.
“Bir gün gələr, ayılarsan… Ürəyində mənə yer ayırarsan” sözlərində vaxtilə onu qiymətləndirməyən insanların gec-tez onun dəyərini anlayacağı mesajı verilir.
“Əsl səhnə görmək istəsəniz, məni də çağırarsınız” misrası isə Aygün Kazımovanın özünü şou-biznesin və səhnənin əsas simalarından biri kimi təqdim etməsinin açıq ifadəsidir.
Mahnıda səslənən “La Diva”, “Viva La Diva” hissələri isə artıq illərdir Aygün Kazımovanın adı ilə sinonimləşmiş “Diva” obrazının bir daha vurğulanmasına xidmət edir.
Layihənin maraqlı tərəfi ondadır ki, sözlərdə müəyyən qədər özünü təsdiq, özünəinam və meydan oxuma motivləri hiss olunur. Mahnının ümumi mesajı belə səslənir: “Məni sevsəniz də, sevməsəniz də, haqqımda danışacaqsınız. Məclis, şou və əyləncə olan yerdə isə yenə mən lazım olacağam.”
Bir sözlə, “Məclis” Aygün Kazımovanın illər ərzində formalaşdırdığı və qoruyub saxladığı “Diva” imicini daha da möhkəmləndirən, yaxın dövrdə səhnələrdə və tədbirlərdə tez-tez səslənəcək hitlərdən biri olmağa namizəddir.
