Skip to content

Dynamix

MBFW Azerbaijan üçüncü günün xülasəsi

Hər mövsüm öz iddiasını daha da yüksəldən Mercedes-Benz Fashion Week Azerbaijan yekunlaşdı və ümumilikdə şahid olduq ki, bu lahiyə ölkəmizdə də uğurlu baş tutur.

Moda həftəsinin final günü isə fərqli dünyaların eyni podiumda görüşünə çevrildi. Khayam Khanukaev milli irsi müasir siluetlərlə birləşdirərək Azərbaycan qadınının zərifliyinə yeni baxış təqdim etdi. Difae Couture tamaşaçını sirr, romantizm və vizual dramaturgiya ilə qurulmuş alternativ bir reallığa apardı. Sabina Volskaya isə tamamilə fərqli istiqamət seçərək gündəlik həyatın içindən gələn rahatlığı və hər yaşa xitab edən modanı ön plana çıxardı.

Son günün diqqət çəkən kolleksiyalarına moda redaktorumuz Tərlanın baxışı ilə nəzər salaq.

Khayam Khanukaev

Müasirliyi milli dəyərlərlə uzlaşdırmaq Azərbaycan modasının uzun illərdir qarşısında duran ən mürəkkəb məsələlərdən biridir. Çox vaxt tərəzinin bir gözü ağır gəlir: ya ənənə müasirliyi üstələyir, ya da müasirlik kökləri arxa plana keçirir.
Khayam Khanukaevin “Dinastiya” kolleksiyası bu tarazlığı qorumağa çalışan işlərdən biri idi.
Mercedes-Benz Fashion Week-in son günündə təqdim olunan kolleksiya Azərbaycan qadınının zərifliyini müasir moda kontekstində yenidən şərh edirdi.
Toy, nişan və xınayaxdı kimi mərasimlər üçün nəzərdə tutulmuş görünüşlər bazarın ehtiyaclarını dəqiq oxuyurdu. Lakin kolleksiyanın əsas üstünlüyü yalnız kommersiya potensialında deyil, emosional bağ qurmaq bacarığında idi.
İşləmələr ölçülü idi, dəbdəbə nəzarət altında , material seçimi qüsursuza yaxın saxlanılmışdı və hər detal öz yerində görünürdü.
Və sonra final gəldi.
Khayam Atelier-in gəlinliyi artıq gözlənilən ənənəyə çevrilib. Bu dəfə də final görünüşü kolleksiyanın ən güclü bəyanatı oldu. Bilirik ki, podiumda sonuncu görünən obrazın yaddaşda ilk qalması təsadüfi deyil.
Dinastiya kolleksiyası öz sahəsinində yeni bir era yaratmağa çox iddialıdır

Difae Cuture

Əgər kolleksiyanıza “Enigma” adını verirsinizsə, tamaşaçı sizdən sirr gözləyir.
Əgər həmin sirri aça bilmirsinizsə, ad sadəcə söz olaraq qalır.
Difae Couture özünə inanırdı və bu riski bilərək qəbul etdi.
Dilarə Aslanova bizi bir ölkədən digərinə, bir dövrdən digərinə aparırdı. Misirin monumental sakitliyi, Edinburqun qotik qaranlığı, Parisin romantikası və Milanın ritmi kolleksiyada bir araya gəlirdi.
Ən maraqlısı isə odur ki, bu qədər fərqli ilham mənbəyi arasında kolleksiya özünü itirmirdi.
Bugünkü modanın əsas problemlərindən biri ideyanın çox, redaktənin isə az olmasıdır. Difae Couture bu tələyə düşməyib.
Hər detalın səbəbi var idi.
Hər görünüşün məqsədi var idi.
Və nəticədə kolleksiya sadəcə baxılan deyil, xatırlanan işlərdən birinə çevrildi.
Sirli qadın obrazı modada yeni mövzu deyil.
Amma onu inandırıcı etmək hələ də çətindir.
“Enigma” bunu bacardı.

Sabina Volskaya

Mercedes-Benz Fashion Week proqramında Sabina Volskaya adını gördüyüm andan marağım yaranmışdı. Çünki bu, fərqli yaş qruplarını, xüsusilə uşaqları və yeniyetmələri dəbin mərkəzinə gətirməyi bacaran nadir brendlərdən biridir.
Son günün son nümayişi olmaq məsuliyyəti hər zaman böyükdür. Sabina Volskaya bu məsuliyyəti özünəməxsus şəkildə daşıdı.
Yaz-Yay 2026 mövsümünə həsr olunmuş nümayişdə brend gözlənilən parlaq yay rəngləri əvəzinə payızın isti və nostaljik palitrasını seçdi. Saralmış yarpaqları xatırladan tonlar, rahat formalar və gündəlik həyata uyğun həllər kolleksiyanın əsas xəttini təşkil edirdi.
Podiuma çıxan uşaq modellər isə sadəcə geyimləri nümayiş etdirmirdilər. Onlar kolleksiyanın ruhunu daşıyır, peşəkar modellərlə eyni inam və rahatlıqla hərəkət edirdilər.

Dynamix Magazine olaraq Mercedes-Benz Fashion Week komandasına dərin minnətdarlığımızı bildiririk.