Skip to content

Dynamix

Kim deyir ki, moda sadəcə böyüklər üçündür ? “MBFW” öncəsi Volskaya ilə müsahibə

Mercedes-Benz Fashion Week-in 3-cü günü çərçivəsində (14 iyun) Qazaxıstan mənşəli “Volskaya” brendinin yeni kolleksiyası təqdim olunacaq. Brend beynəlxalq moda səhnəsində uşaq və yeniyetmə modasına verdiyi müasir və təbii yanaşma ilə seçilir. Aşağıda Brendin dizayneri Sabina Volskaya ilə aparılan müsahibəmizi təqdim edirik.

Brend haqqında qısa məlumat verə bilərsiniz?

Brend 2017-ci ildə yaradılıb. 2023-cü ildə Parisdə UNESCO mükafatına layiq görülüb və Fransada tanınan sənətçilər siyahısına daxil edilib. Fransa, İtaliya, Mərakeş, Türkiyə, Dubay, Azərbaycan, Rusiya, Qazaxıstan, Cənubi Koreya, Gürcüstan və bir çox digər ölkələrdə keçirilən moda nümayişlərində iştirak edib.

Kolleksiya haqqında bilmək istərdik. Adı və konsepti nədir?

Adətən kolleksiyaların xüsusi adı olmur, çünki ay ərzində bir neçə defile olur və hər nümayiş üçün konkret modelə uyğun yeni kolleksiya hazırlanır. Və bütün geyimlər modelə hədiyyə olaraq verilir.Bu kolleksiya əsasən uşaq və yeniyetmələr üçün nəzərdə tutulub və 30 lookdan ibarətdir.

Hansı materiallardan istifadə olunur?

Təbii materiallardan istifadə etməyə çalışıram: pambıq, kətan, eləcə də təkrar emal olunmuş parçalar (eko-dəri).

Nümayiş olunacaq kolleksiyanın əsas ideyası və ilhamı nədir?

Kolleksiya yeniyetmələrin azadlığına və təbiiliyinə həsr olunub. Məqsəd göstərməkdir ki, moda sevgisi və stil hissi uşaqlıqdan formalaşa bilər. Geyim həm gözəl, həm də rahat olmalıdır.

Kolleksiyanın əsas mesajı nədir?

Əsas mesaj “özün olmaq və geyindiyin geyimdə özünü inamlı hiss etməkdir”. Bu kolleksiya cəsarət və özünəinamı vurğulayır və müasir yeniyetmə modasına yeni baxış təqdim edir.

Brend daha çox beynəlxalq bazara yönəlib, yoxsa lokal xətti qoruyur?

Brend öz unikal və lokal xarakterini qoruyur, amma eyni zamanda beynəlxalq auditoriya üçün də uyğun kolleksiyalar yaradır. Çünki rahatlıq, təbiilik və fərdilik bütün dünyada aktualdır.

Son olaraq tamaşaçı şoudan hansı hisslə ayrılmalıdır?

Tamaşaçı gələcəyə inam hissi ilə ayrılmalıdır.

Brendin dili sadədir. Nümayişi isə universal. Və deyə bilərik ki, bizi çox iddialı bir moda şousu gözləyir.