Son illər sənədli filmlər kommersiya filmlərinin kölgəsində qalsa da, insanlar hələ də sənədli filmlərə rəğbət göstərir. Ən təzə sənət sahəsinin bu kateqoriyasını bədii ekran işlərindən fərqləndirən əsas cəhət onların bizə fiksiya deyil, reallığın özündən danışmasıdır. Müharibədən musiqiyə, cinayət hadisələrindən elmə, insan psixologiyasından təbiətə qədər bir çox mövzu yüksək keyfiyyətli ekran işlərinin əsasını təşkil edir. Bəs son illərdə çəkilmiş sənədli filmlər arasında hansıları xüsusilə diqqətəlayiqdir? Gəlin, son on ilin ən çox danışılan və yüksək qiymətləndirilən sənədli filmlərindən yeddisinə nəzər salaq.
1. 13th (2016)
Rejissor Ava DuVernay tərəfindən çəkilmiş olan “13th”, ABŞ-dakı irqiçilik və kütləvi həbs sistemini araşdıran məşhur sənədli filmdir. Film öz adını ABŞ Konstitusiyasının cinayətə görə cəza halları istisna olmaqla, köləliyi və məcburi xidmətin ləğv olunduğu 13-cü düzəlişdən götürmüşdür. DuVernay film boyunca afroamerikalılara qarşı zorakılığın tarixindən başlayaraq irqi ayrı-seçkiliyin müxtəlif formalarına, cinayət siyasətinə və bu siyasətlərin ABŞ-dakı kütləvi həbs sisteminin formalaşmasına təsirinə qədər uzanan prosesi araşdırmışdır.
2. Flee (2021)
Jonas Poher Rasmussen’in rejissorluğu ilə çəkilmiş “Flee” (“Qaçış”) animasiya sənədli filmidir. Film Əfqanıstan müharibəsindən qaçaraq Danimarkaya sığınmış baş qəhrəmanın uşaqlıq və gənclik illərini əhatə edən ağır qaçqınlıq hekayəsindən bəhs edir. “Flee”nin əsas xüsusiyyətlərindən biri real müsahibənin animasiya ilə birləşdirilməsidir. Baş qəhrəmanın hekayəsi onun öz dilindən danışılır, animasiya ilə xatirələri və keçmişdə baş verən hadisələri vizuallaşdırır. 2021-ci ildə Sundance Film Festivalında “Ən yaxşı sənədli film”, Annecy festivalında isə “Ən yaxşı animasiya filmi” seçilməsi filmin əhəmiyyətini göstərən əsas məqamlardandır. Film ümumilikdə 97 mükafat qazanıb və 152 nominasiyaya layiq görülüb. Həmçinin, “Flee” 3 dəfə Oskar namizədliyində öz yerini alıb.
3. Cameraperson (2016)
Kameraman Kirsten Johnson-un öz karyerasından xatirələrini toplayaraq, illər ərzində çəkdiyi görüntülərdən hazırladığı avtoportret üslubunda kolaj tipli sənədli filmdir. Filmdə Yaxın Şərqdən Afrika kəndlərinə qədər müxtəlif səhnələr məkanlarda səhnələr yer alır. “Cameraperson” Consonun həyat və karyerasını izləyicilər ilə bölüşə biləcəyi vizual gündəlik rolunu oynayır. Film çəkiliş prosesinin mahiyyətini açmaqla yanaşı, tamaşaçını reallığı lentə almağın və başqalarının həyatını müşahidə etməyin etik tərəfləri haqqında düşünməyə vadar edir. IMDb məlumatına görə film 23 mükafat qazanıb və 38 nominasiya alıb. San-Fransisko Beynəlxalq Film Festivalında isə “Ən yaxşı sənədli film” mükafatına layiq görülüb.
4. Navalny (2022)
Kanadalı rejissor Daniel Roher tərəfindən hazırlanan Navalny, Rusiya müxalifət lideri Aleksey Navalnının 2020-ci ildə Sibir səfərində zəhərlənməsindən sonra baş verən hadisələrə həsr olunub. Süjet ilərilədikcə biz Navalnınin gizli şəkildə sağalması və ağır siyasi şəraitdə mübarizəsini görürük. Film xüsusilə zəhərlənmənin arxasındakı şəxslərin müəyyənləşdirilməsi istiqamətində aparılan jurnalist araşdırmasına və Navalnının Rusiyaya qayıtmaq qərarına fokuslanır.
“Navalny” Sundance 2022 festivalında ABŞ sənədli film kateqoriyasında Auditoriya mükafatını və seçim mükafatını qazanıb. 2023-cü ildə film “Ən Yaxşı Sənədli Film” kateqoriyasında Oskar qazanmış, həmçinin Kritiklər Seçimi (Dokumentar) və Britaniya Kino Akademiyası mükafatlarında qalib olmuşdur.
5. Collective (2019)
Alexander Nanau tərəfindən çəkilən “Collective” sənədli filmi Ruminyada baş verən faciədən sonra ortaya çıxan korrupsiya, səhiyyə sistemindəki problemlər və jurnalist araşdırmalarını əhatə edir. Film 2015-ci ildə Buxarestdəki Colectiv gecə klubunda baş verən yanğınla başlayır. Hadisə nəticəsində 27 nəfər həyatını itirir, çox sayda insan yaralanır. Daha sonra xəstəxanalarda müalicə olunan bəzi yaralıların ölümündəki müəmma jurnalistləri araşdırmalar aparmağa sövq edir. Filmin ən diqqətçəkən uğurlarından biri Oskara iki kateqoriyada namizəd olmasıdır.
“Collective” həm “Ən yaxşı sənədli film”, həm də “Ən yaxşı beynəlxalq film” nominasiyalarında təqdim edilib. Beləliklə, film Oskar tarixində hər iki kateqoriyada namizəd olan azsaylı ekran əsərlərindən birinə çevrilib və ilk dəfə Ruminya filmi iki Oskar nominasiyası əldə edib.
6. Faces Places (2017)
Fransız kinosunun ən mühüm simalarından biri olan Agnès Varda yaradıcılığı boyunca adi insanların həyatına, onların hekayələrinə və gündəlik reallıqlarına xüsusi maraq göstərib. Onun rejissorluq etdiyi “Faces Places” isə Vardanın fotoqraf-rəssam JR ilə birlikdə ərsəyə gətirdiyi sonrakı dövr filmlərindən biridir.
Film Varda və JR-in Fransanın müxtəlif bölgələrinə səyahətindən bəhs edir. Onlar kəndlərə və kiçik şəhərlərə gedərək yerli sakinlərlə tanış olur, onların portretlərini çəkir və bu fotoları binaların, divarların və digər məkanların üzərində nəhəng ölçüdə nümayiş etdirirlər. Film boyunca nəsillər arası dostluq qurulur və incəsənət gücünün insanların həyatına necə təsir etməsi göstərilir.
Filmin ən mühüm uğurlarından biri 2017-ci ildə Kann Film Festivalında “L’Œil d’or” (Qızıl Göz) mükafatını qazanmasıdır. Həmin il film Toronto Beynəlxalq Film Festivalında “Grolsch People’s Choice Documentary Award”, eləcə də Toronto Film Tənqidçiləri Assosiasiyasının “Allan King Documentary Film Award” mükafatını qazanıb.
7. No Other Land (2024)
2024-cü ildə ekranlara çıxan No Other Land sənədli filmi İordan çayının qərb sahilində yerləşən Masafer Yatta bölgəsində fələstinlilərin doğma torpaqlarını itirmək və məcburi köçürülmə təhlükəsi ilə üzləşməsindən bəhs edir. Film öz icmasının yaşadığı hadisələri kamera vasitəsilə sənədləşdirən Basel Adranın hekayəsinə fokuslanır. Onun israilli jurnalist Yuval Abraham ilə qurduğu dostluq isə fərqli siyasi və sosial reallıqlarda yaşayan insanların münasibətlərini, eləcə də üzləşdikləri bərabərsizlikləri ön planda göstərir.
Film 2024-cü ildə Berlin Beynəlxalq Film Festivalında iki mükafata layiq görülüb. 2025-ci ildə isə 97-ci Oskar mükafatlarında “Ən yaxşı tammetrajlı sənədli film” nominasiyasında qalib gəlib. “No Other Land” sənədli kinonun münaqişə bölgələrində yaşayan insanların təcrübələrini beynəlxalq auditoriyaya çatdırmaq gücünü nümayiş etdirən ekran işlərindən biridir.
Discover more from Dynamix Magazine
Subscribe to get the latest posts sent to your email.
