Kino həvəskarları, gözünüz aydın! Çünki yaxın vaxtlarda yerli ekranlarda əsl film fırtınası qopacaq. Kino Agentliyinin nəzarətindən uğurla keçib dövlət dəstəyi almağı bacaran şanslı 18 layihənin adı elan edilidi. Münsiflər heyəti günlərlə ssenariləri vərəqlədi, rejissorların iddialı çıxışlarını dinlədi və nəhayət, vizual dünyamızı zənginləşdirəcək ən dinamik hekayələrə yaşıl işıq yandırdı.
Müsabiqənin ən çox diqqət çəkən hissəsi, təbii ki, böyük büdcəli tammetrajlı bədii filmlərdir. Bu kateqoriyada rejissor və prodüser sınağından keçib çəkiliş vizası alan layihələr diqqət çəkir:
- “İsanın evi” (Aydəmir Entertainment)
- “İki Xaqan” (Karvan Production)
- “Yeddi məhbusə” (Buta Film)
- “Begemot” (Old Stone Film)
- “Varis” (Öz)
- “Mülk” (Seyidbəyli Film)
Müsabiqənin qaydalarına əsasən, “Meşə növbətçisi” (CNF) və “Bir, iki, üç” (Nova Gorcia) kimi bəzi tammetrajlı layihələrə isə bədii keyfiyyəti bir az da artırmaq şərtilə növbəti ilin müsabiqəsinə birbaşa vəsiqə verilib.
Gənc kinematoqrafçıların özlərini göstərməsi üçün əla şans olan qısametrajlı bədii filmlər bölməsində də rəqabət gərgin olub. Bu siyahıda C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının “Qaranquş yuvası”, Buta Film-in “Velosiped sürmək üçün uğurlu gün” və Karvan Production-ın “İkimiz” filmləri yer alır. Real hekayələrə əsaslanan bədii-sənədli film kateqoriyasında isə OD Media-Production-ın “Sükutun ardınca” və Karvan Production-ın “38 saniyə” filmləri ağ ekrana köçürülməyə hazırlaşır.
Bu sadəcə “qalib gəldik” sevinci deyil, həm də çox ciddi bir büdcə məsuliyyətidir. Dövlət qalib filmlərin çəkilişləri və istehsalı üçün ümumilikdə 2.763.861 AZN vəsait ayırır. Bu milyonluq büdcə qalib layihələrin limit xərclərinə uyğun olaraq hesablanıb paylanacaq.
İndi isə əsas iş rejissorların və yaradıcı komandaların üzərinə düşür. Çəkiliş meydançalarında işıqlar yanacaq və yeni hekayələr canlanacaq. Görəsən, bu filmlərdən hansıları bizi həm güldürüb, həm ağladacaq, hansıları bizi beynəlxalq festivallara daşıyacaq? Bunu yalnız zaman göstərəcək, amma dəqiq olan bir şey var: yerli kinomuzu çox dinamik və qaynar bir mövsüm gözləyir!
Fidan Şahbazlı
Discover more from Dynamix Magazine
Subscribe to get the latest posts sent to your email.
