Bəzən elə bilirik ki, keçmiş üçün darıxırıq. Hansısa küçə, hansısa tarix, ya da bir insan üçün. Amma bir az dayanıb fikirləşəndə anlayırsan ki, əslində məsələ o qədər də onlar deyil.
Çox vaxt darıxdığımız şey o vaxt olduğumuz insandır.
Bunun üçün maraqlı bir ifadə var: “nostalgia for the self”. Yəni insanın özünün keçmişdəki versiyası üçün hiss etdiyi nostalgiya.
Həyatda elə dövrlər olur ki, insan özünü daha canlı hiss edir. Daha cəsarətli olur, daha açıq olur. Bəzən bir az sadəlövh də. Bəzən bu dövr ilk böyük sevginin vaxtına düşür, bəzən tələbəlik illərinə, bəzən də həyatın bizi hələ o qədər sərtləşdirmədiyi günlərə.
O günləri xatırlayanda biz sadəcə hadisələri xatırlamırıq. Əslində o hadisələrin içində olan özümüzü xatırlayırıq.
Çünki zaman keçdikcə insan dəyişir. Bəzi xəyallar sakitcə sönür, bəzi inamlar əvvəlki kimi möhkəm qalmır. Həyat adamı bir az ehtiyatlı edir, bəzən də sərtləşdirir. Və bir gün geriyə baxanda anlayırsan ki, darıxdığın nə o insan imiş, nə o şəhər, nə də o münasibət.
Darıxdığın o vaxtkı sən imişsən.
Bu hiss qəribədir. Bir tərəfdən keçmişə görə minnətdar olursan, digər tərəfdən də bilirsən ki, onu geri qaytarmaq mümkün deyil. O versiyanı yenidən yaşamaq olmur. Amma onun izi içində qalır.
Bəzən isə başqa bir şey də baş verir. Biz “ən yaxşı dövrümüz” kimi xatırladığımız illəri bir az romantikləşdiririk. Halbuki o vaxt da qorxularımız var idi, səhvlər edirdik, bəzən nə etdiyimizi özümüz də tam bilmirdik. Sadəcə zaman keçdikcə yaddaş ağrını yumşaldır, yaxşı hissləri isə daha parlaq saxlayır.
Bu baxımdan “nostalgia for the self” yalnız itki hissi deyil. Bu həm də bir xatırlatmadır. Biz bir vaxtlar necə sevə bildiyimizi, necə risk aldığımızı, necə ümid etdiyimizi xatırlayırıq.
Bəlkə məsələ keçmişə qayıtmaq deyil. Bəlkə məsələ o hisslərin bir hissəsini yenidən özümüzdə tapmaqdır.
İnsan həyat boyu müxtəlif versiyalarda yaşayır: uşaq olur, gənc olur, aşiq olur, məyus olur, güclənir, yorulur… Hər yeni versiya əvvəlkinin üzərinə əlavə olunur. Əslində heç biri tam yox olmur.
Unutmamaq lazımdır ki, aldığımız yara izləri bizi dəyişdirir. Bəzən də gücləndirir. Ola bilsin ki, biz heç vaxt indiki qədər güclü olmamışıq. Çünki artıq nələrdən keçdiyimizi bilirik.
Və bəlkə də ən yaxşı versiyamız geridə qalan deyil. Sadəcə hələ gəlməyən versiyadır.