Dünyada elə ölkələr var ki, təkcə paytaxtı ilə yox, kiçik şəhərləri ilə də insanı özünə cəlb edir. İtaliya məhz bu ölkələrdəndir. Tarixi küçələr, dağ mənzərələri, fərqli mətbəx və hər bölgənin öz ruhu… İtaliyaya səyahət deyəndə çoxumuzun ağlına Roma, Milan və ya Venesiya gəlir. Amma bu ölkənin dağların arasında gizlənmiş elə şəhərləri var ki, ora gedənlər bir daha unutmaqda çətinlik çəkir.
#BuradəNəVar? rubrikamızın ilk məqaləsi məhz həmin şəhərlərdən biri — Kortina d’Ampezzo haqqındadır.
Haradadır?
Kortina d’Ampezzo İtaliyanın şimalında, Veneto bölgəsində, Dolomit Alp dağlarının arasında yerləşir. Venesiyadan təxminən iki-üç saatlıq məsafədə olan bu şəhər həm təbiəti, həm də dağ həyatı ilə tanınır. Buraya gələnlər ilk olaraq sakitlik, təmiz hava və ətrafı əhatə edən nəhəng dağ mənzərələri ilə qarşılaşır.
Nə ilə tanınır?
Şəhər uzun illərdir qış turizminin mərkəzi sayılır. Xizək mərkəzləri, dağ yolları və qış idman infrastrukturu Kortinanı Avropanın ən məşhur dağ kurortlarından birinə çevirib. Elə buna görə də Kortina Olimpiya tarixində də öz yerini alıb — 1956-cı ildə Qış Olimpiya Oyunları burada keçirilib, 2026-cı ilin fevralında isə şəhər yenidən Olimpiya atmosferini yaşayacaq.
Dadlar
Kortinanın dadları da onun dağ kimliyini əks etdirir. Burada İtaliya mətbəxi ilə Alp mətbəxi bir-birinə qarışır. Yerli restoranlarda tez-tez çuğundur və pendirlə hazırlanan “Casunziei” mantısı, isti “Polenta”, tüstülənmiş dağ ətləri və soyuq havada içilən “Grappa” ilə rastlaşmaq olur. Qarlı bir gündə kiçik kafedə içilən isti şokolad isə bu şəhərin ən sadə, amma ən yadda qalan anlarından biridir.
Gəzməli yerlər
Gəzməli yerlər əsasən təbiətlə bağlıdır. Dolomit dağları UNESCO-nun Dünya İrsi siyahısına daxildir və həm qışda, həm də yayda turistləri cəlb edir. Şəhər mərkəzindəki Corso Italia küçəsi isə Kortinanın ürəyi sayılır — butiklər, kafelər və dağ üslubunda binalar burada bir araya gəlir.
Harada qalmalı?
Kortina d’Ampezzoda qalmaq üçün əsasən dağ üslublu otellər üstünlük təşkil edir. Şəhərdə lüks kateqoriyaya aid
“Cristallo Hotel “ və “Faloria Mountain Spa Resort” kimi məkanlar panoramik mənzərəsi və spa imkanları ilə seçilir. Daha mərkəzi və rahat variant axtaranlar üçün “Hotel de la Poste” yaxşı seçim sayılır. Büdcəsi daha uyğun olanlar isə ailə tipli kiçik hotelləri və guesthouse-ları seçə bilər. Qış mövsümündə, xüsusilə fevral ayında şəhər çox dolu olduğu üçün hotelləri əvvəlcədən rezervasiya etmək tövsiyə olunur.
Nə etməli?
Kortinada ediləcək şeylər təkcə xizəklə məhdudlaşmır. Dağ gəzintiləri, qar üzərində yürüşlər, kanatla zirvəyə qalxmaq, yerli festivallara qatılmaq və sadəcə təbiətin içində vaxt keçirmək buranın əsas təcrübələrindəndir.
Ən yaxşı vaxt
Bu şəhəri ziyarət etmək üçün ən ideal vaxt qış aylarıdır — xüsusilə yanvar və fevral. Yay aylarında isə Kortina sakitləşir və daha çox təbiət sevənlərin məkanına çevrilir. Qiymət baxımından şəhər ucuz sayılmır; daha çox orta–bahalı kateqoriyaya daxildir.
Yerlinin kiçik bir məsləhəti isə budur: turistlərin çoxu mərkəzdən kənara çıxmır, amma səhər tezdən dağlara qalxan kanat yolları ilə gedilən kiçik panoramik nöqtələr şəhərin ən gözəl mənzərələrini təqdim edir — xüsusilə günəş doğarkən.
Kortina d’Ampezzo sadəcə bir dağ şəhəri deyil. O, qışın sükutu, idmanın enerjisi və İtaliya ruhunun bir araya gəldiyi xüsusi bir məkandır. Fevral ayında Olimpiya Oyunları zamanı bu şəhər yenidən dünyanın diqqət mərkəzinə çevriləcək. Amma Kortinanın cazibəsi təkcə Olimpiya ilə bitmir — buraya bir dəfə gələnlər üçün bu şəhər yaddaşlarda uzun müddət qalır.
Mənbələr: