Skip to content

Dynamix

“Super Bowl”-da Latın Amerikası fırtınası

Amerikan futbol liqasının final turu olan “Super Bowl” bu il də “Halftime Show”u ilə diqqətləri üzərinə çəkdi.

1993-cü ildə Maykl Ceksonun unudulmaz performansından sonra “Halftime Show”lar demək olar ki, qlobal pop mədəniyyəti hadisəsinə çevrilib. İllər ərzində Beyons, Şakira və Cennifer Lopes, Doktor Dre, Snup Doq, Eminem, Kendrik Lamar, Rihana kimi dünya ulduzları “Super Bowl” səhnəsində yadda qalan çıxışlarını təqdim ediblər.

Məhz bu il də uğurlu performanslar sırasına Bad Banni öz imzasını atdı. 2026-cı il “Qremmi” mükafatlarında “İlin albomu” nominasiyası üzrə qalib olan Bad Banni, demək olar ki, bu uğurunu “Halftime Show”la qeyd etdi.

Şou ərzində Bad Banni doğulub böyüdüyü yer olan Puerto Rikonun mədəniyyətini bir çox məqamda əks etdirdi. Səhnə Puerto Rikonun məşhur şəkərqamışı plantasiyalarını, orada çalışan işçiləri və onların etnik geyimlərini nümayiş etdirməklə başladı.

Şəkərqamışlarının arasından səhnəyə doğru irəliləyən sənətçi yolüstü əvvəl “Coco Frío” içkilərinin satıldığı stendə, daha sonra isə Puerto Riko və Karib regionunda geniş yayılmış rəngli şərbətli buz deserti — “Piraguas” satılan stendə yaxınlaşaraq performansını davam etdirdi.

Onu müşayiət edən rəqqasların geyimləri də Puerto Riko insanının gündəlik həyatında istifadə etdiyi geyim tərzini əks etdirirdi. Bir qədər irəlidə üzərində “La Marqueta” yazılmış mağaza görünürdü. Bu tip mağazalar vaxtilə ABŞ-yə köç etmiş kubalı, puerto-rikolu və dominikan icmalarının işlətdiyi ticarət məkanları olub. Bununla da sənətçi öz mədəniyyətini tam şəffaflıq və qürur hissi ilə təmsil etdiyini göstərirdi.

“El Apagón” (tərcümədə “kəsinti”) adlı mahnını səsləndirdiyi zaman Bad Banni performansını işıq dirəyinin üzərinə çıxaraq davam etdirdi. Bununla da Puerto Rikoda illərdir davam edən elektrik enerjisi kəsintilərinə açıq mesaj vermiş oldu.

Təbii ki, Bad Banni performans zamanı səhnədə tək deyildi. Ona bir sıra dünya ulduzları — Riki Martin, Leydi Qaqa, eləcə də bəzi hissələrdə yalnız rəqs edən Kardi Bi, Pedro Paskal və digər tanınmış simalar qoşuldular.

Şounun sonlarına doğru televizorda “Qremmi” mükafatı alan Bad Banni izləyən bir uşaq göstərilir. Sənətçi səhnədən enərək öz mükafatını həmin uşağa təqdim edir. Bununla o, uşaqlıq xəyallarına toxunaraq onların reallaşa biləcəyini vurğulayır.

Ardınca Amerika qitəsinə daxil olan bütün ölkələrin adları sadalanır. Bu zaman Bad Banni əlində üzərində “Birlikdə biz Amerikayıq” sözləri yazılmış futbol topu tutur. Arxa fondakı ekranda isə onun “Qremmi” mükafatını alarkən söylədiyi “Nifrətdən daha güclü olan tək şey sevgidir” fikri əks olunur.

Təxminən 14 dəqiqə davam edən bu “Halftime Show” unudulmaz anlarla yadda qaldı. Yarışın özündən daha böyük maraqla izlənilən bu şou, demək olar ki, bütün dünya mediasında geniş əks-səda doğurdu.