Skip to content

Dynamix

Son estrada yenilikləri

Azad Şabanovdan “Xatirədir” layihəsi
Azərbaycan estradasının sevilən ifaçısı Azad Şabanov yeni musiqi layihəsini təqdim edib. O, əfsanəvi “Karvan” qrupunun solisti Firuz İsmayılovun repertuarından olan “Xatirədir” mahnısını müasir aranjimanda yenidən ifa edərək klipini yayımlayıb.
Mahnının musiqisi Firuz İsmayılova, sözləri isə Malik Fərruxa məxsusdur. Aranjimanı Emil Əliyev, videoçarxı isə Fərhad Əli hazırlayıb. Layihənin ideyası mahnının müəllifləri və onların ailələri tərəfindən dəstəklənib.

Maraqlı məqam: Azad Şabanovun komandasında yer alan Gennadi Yuqai uzun illər “Karvan” qrupunun üzvü olub. Bu əməkdaşlıq layihəyə xüsusi mənəvi dəyər qatıb.

Hazırda “Xatirədir” mahnısı bütün rəqəmsal platformalarda mövcuddur. Sənətçi, həmçinin mahnı ilə bağlı “Xatirədir challenge” adlı yaradıcılıq çağırışına da start verib.

Səidə Sultandan daxili etiraz: “Hər şey dəyişir”
Müğənni Səidə Sultan Yeni il ərəfəsində təqdim etdiyi “Hər şey dəyişir” mahnısının videoklipini izləyicilərə təqdim edib. Mahnının sözlərində əsas fikir cəmiyyətdəki saxtalıq, insani dəyərlərin aşınması və sənətçinin bu vəziyyətə qarşı daxili etirazıdır.
Səidə Sultan mahnı vasitəsilə həm öz həyat yoluna, həm də ətrafındakı dünyaya nəzər salaraq ritorik suallar ünvanlayır: “Nə oldu bizə?”, “Niyə hər şey bu qədər saxtalaşdı?”. Müğənninin açıqlamasına görə, mahnının sözləri bir il əvvəl yazılsa da, hər bir işin öz məqamı olduğu üçün layihə indi işıq üzü görüb.

Röya Ayxan qardaşı ilə duet oxudu
Xalq artisti Röya Ayxan qardaşı İsmayıl Zadə ilə yeni duetini təqdim edib. “Nankor” adlı mahnının musiqisi İsmayıl Zadəyə, sözləri Həmid Məmmədliyə, aranjimanı isə Oğuz Yılmaza məxsusdur. Duet artıq “YouTube” və digər rəqəmsal musiqi platformalarında yayımlanıb.

Gənc istedadlardan yeni trek: “Susdum”
Estradanın istedadlı və dinamik gəncləri Ali Mardan və Shirvan “Susdum” adlı yeni treklərini dinləyicilərin ixtiyarına veriblər. Mahnı bütün musiqi platformalarında yayımdadır.

Lətifədən “Viral” toxunuş
Müğənni Lətifə, “Sən mənim pinqvinimsən” (Sən mənim Penguenimsin) adlı yeni videoklipini təqdim edib. “Viral trendə duyğusal toxunuş” kimi xarakterizə edilən bu layihədə pinqvin obrazı sevgi və sədaqətin simvolu kimi tərənnüm olunur.
Beynəlxalq komanda tərəfindən hazırlanan klipdə müasir qrafikadan istifadə olunub. Qeyd edilib ki, çəkilişlər zamanı heyvanlara heç bir zərər verilməyib. Ekran işinin rejissoru İlona, musiqi direktoru isə Günel Sərdarqızıdır.