Skip to content

Dynamix

Azərbaycan estradasının son yenilikləri – 18 Fevral

Tofiq Hacıyev dinləyicilərini yeni işi ilə sevindirib. Müğənninin “Bircə Gülüşün” adlı yeni mahnısı rəsmi video klipi ilə birlikdə təqdim olunub.

Romantik ovqat üzərində qurulan bəstə saf sevginin insan həyatına gətirdiyi dəyişimi və bir təbəssümün bütün kədəri unutdurmaq gücünü təsvir edir. Sözləri və musiqisi Şamil Məmmədova məxsus olan “Bircə Gülüşün” səmimi melodiyası və emosional mətn xətti ilə seçilir.

Aranjimanı da Şamil Məmmədov tərəfindən hazırlanan mahnıda vokal harmoniyası və sadə musiqi həlli ön plana çıxarılıb. Video klip isə romantik ruhu tamamlayan minimalist və estetik vizual dil üzərində qurulub. “Bircə Gülüşün” hazırda YouTube və digər rəqəmsal musiqi platformalarında əlçatandır.

Yaşar Yusub yenidən ürəklərə toxunan bir layihə ilə gündəmə gəlib. Müğənni yeni mahnısı “Ömrümün ən gözəl çağı” ilə dinləyicilərinə romantik bir etiraf ünvanlayıb.

Sevgi, xatirələr və zamanın dəyəri üzərində qurulan bu nəğmə Yaşar Yusubun daxili dünyasını və musiqiyə olan həssas münasibətini aydın şəkildə əks etdirir. “Darıxacaqsan”, “O bilir” kimi hitlərdən sonra təqdim edilən bu mahnı sənətçinin yaradıcılığında daha yetkin bir mərhələnin anonsu kimi qiymətləndirilir.

Mahnının söz və musiqisi Faiq Erolaya, aranjimanı isə Çoşqun Qadaşova məxsusdur. Canlı musiqi alətlərinin ön planda olduğu bəstə Türkiyədə yazılıb. Azərbaycanlı və türkiyəli musiqiçilərin bir araya gəlməsi layihəyə daha isti və səmimi aura qazandırıb.

Son günlər sosial şəbəkələrdə paylaşdığı fotolarla maraq doğuran sənətçi həmin görüntülərin “Ömrümün ən gözəl çağı” üçün hazırlanan xüsusi videoçarxın ilk mesajları olduğunu da açıqlayıb. Layihənin stil işi Niko Lab tərəfindən hazırlanıb və ortaya zərif, estetik obraz qoyulub. Mahnı artıq rəsmi YouTube kanalı və bütün əsas rəqəmsal platformalarda yayımlanır.

Gülüstan Əliyeva Sevgililər Gününü musiqi ilə mənalandırıb. Azərbaycan Respublikasının Əməkdar artisti, Akademik Opera və Balet Teatrının solisti olan sənətçi 14 Fevral münasibətilə sevənlərinə xüsusi bir sürpriz təqdim edib.

Gülüstan Əliyevanın “Gəl” adlı yeni klipi məhz sevginin bayram edildiyi bu gündə izləyicilərin ixtiyarına verilib. Zərif emosiyalar və romantik çağırış üzərində qurulan ekran işi sevginin musiqidə necə canlandığını aydın şəkildə hiss etdirir.

Bəstənin müəllifi Səfər Zaman, aranjiman isə Rasim və Dahiyə məxsusdur. Klassik vokal gücü ilə müasir musiqi yanaşmasının sintez olunduğu layihə sənətçinin obrazına yeni bir incəlik qatır.

Klip Alizade Group tərəfindən hazırlanıb, layihənin prodüseri Anar Əlizadədir. Vizual dil, rəng palitrası və estetik yanaşma “Gəl” mahnısının romantik ruhunu uğurla tamamlayır.

2018-ci il Avroviziya təmsilçimiz Aisel yeni “Wood Iron” adlı mahnısını və video klipini dinləyicilərə təqdim edib.

Müasir üslubda hazırlanan layihə həm klipi, həm də musiqi həlli ilə izləyicilər tərəfindən müsbət rəylə qarşılanıb və qısa zamanda diqqət mərkəzinə çevrilib.