Skip to content

Dynamix

Nihilist Pinqvin bizə nəyi öyrətdi?

Ekranda gördüyümüz tək bir heyvandır, amma videonun bu qədər yayılmasının səbəbi onun biologiyası yox, bizdə oyatdığı hissdir. Sürü dənizə doğru axarkən bir pinqvin istiqamətini dəyişir. Sanki harasa yox, sadəcə buradan uzağa gedir.

Verner Hersoqun illər əvvəl çəkdiyi bu səhnə o zamanlar “yolunu itirmiş pinqvin” kimi izah olunmuşdu. Amma sosial media köhnə görüntülərə yeni suallar verir. İndi bu addımları instinkt yox, qərar kimi oxuyuruq. Məntiqsiz, izahsız, nəticəsi bilinən bir qərar.

Pinqvinin getdiyi yerdə nə qida var, nə su. Orada cavab da yoxdur. Elə buna görə video altına eyni sual düşür:  “But Why?”
Bu sual pinqvinə yox, izləyənə ünvanlanır.

Çünki müasir insan da çox vaxt eyni şəkildə irəliləyir. Sürü ilə gedir, amma içində ayrılmaq istəyir. Qaldığı yerdə tükənir, getdiyi yerdə isə nə tapacağını bilmir. Yenə də addım atır. Nəticəyə görə yox, davam edə bilmədiyi üçün.

“Nihilist Pinqvin” adı da buradan doğur. Məna axtarmır, ümid də daşımır. Sadəcə dayanmaq istəmir. Bəlkə də ən dürüst hiss elə budur: hər şeyi izah etməyə çalışmamaq.

Bu video yadda qalır, çünki biz hamımız həyatımızın hansısa nöqtəsində həmin istiqamətə baxmışıq. Getmədiyimiz yolun nə verdiyini yox, qaldığımız yolun nə apardığını düşünmüşük.

Və içimizdən keçən sual həmişə eyni olub: bəs niyə?