Skip to content

Dynamix

Keçmiş və müasirliyin vəhdəti –  Borchaly kolleksiyası

Moda bəzən sadəcə ötəri trendlərdən ibarət olur, bəzən isə daha dərin bir hekayə nəql edir. Qalib Həsənovun yeni kolleksiyası məhz ikinci kateqoriyaya aiddir.

Azərbaycan əsilli dizayner bu dəfə də yaradıcılığında öz köklərinə qayıdaraq, Qafqazın zəngin mədəni irsini müasir modanın dili ilə təqdim etməyə çalışıb.
“Borchaly” adlanan kolleksiyada ilk baxışdan diqqət çəkən əsas məqam tekstura və material seçimidir. Yun parçalar, xalça naxışlarını xatırladan fakturalar və əl işi detallar geyimlərde özünəməxsus vizual obraz yaradır. Bəzi modellərdə istifadə olunan qeyri-adi bağlama üsulları və material kombinasiyaları isə siluetlərə gözlənilməz formalar qazandırır.

Həsənovun dizaynlarında ən maraqlı cəhətlərdən biri ənənə ilə müasirlik arasında qurduğu incə balansdır. Azərbaycan və Gürcüstanın qədim toxuculuq ənənələrindən ilhamlanan elementlər burada müasir kəsimlər və minimalist yanaşma ilə vəhdət təşkil edir. Nəticədə ortaya həm tanış, həm də tamamilə yeni görünən obrazlar çıxır.

Dizayner üçün moda yalnız estetika deyil, həm də bir mədəni ifadə vasitəsidir. Onun kolleksiyalarında keçmişin sənətkarlıq ruhu müasir şəhər həyatının dinamizmi ilə qarşılaşır. Bu yanaşma isə Həsənovun işlərini sadəcə geyimdən daha artıq bir məfhumu – vizual hekayəni təcəssüm etdirir. Öncəki kolleksiyalarda əsasən ağ və qara rəng önə çıxırdısa, bu kolleksiyada yerini daha torpaq tonlarına, təbii teksturalara buraxıb.