Həftə sonu film tövsiyəsi sevgililər gününə özəl rubrikamızda bu həftə romantikanın klassikasına çevrilmiş, illər keçsə də təsirini itirməyən bir film var “Pretty Woman”. Daha ilk dəqiqələrdən səni həm gülümsədən, həm də içini isidən bu film sevginin bəzən ən gözlənilməz yerdə tapıldığını xatırladır.

Bir tərəfdə Hollivudun parlaq iş adamı Edward Lewis, digər tərəfdə isə həyatın ona sərt üzünü göstərdiyi, amma ruhunu itirməyən Vivian Ward. Tamamilə fərqli dünyalara aid olan bu iki insanın yolu təsadüfən kəsişir və hər şey məhz bundan sonra başlayır.

Vivian ilk baxışdan sadə, qayğısız və bir az da həyatla dalaşan bir obrazdır. Edward isə hisslərini biznes müqavilələri kimi idarə etməyə öyrəşmiş, soyuq və məsafəli biridir. Amma film irəlilədikcə hər ikisi dəyişir. Vivian öz dəyərini kəşf edir, Edward isə ilk dəfə olaraq puldan və statusdan kənar bir bağ qurmağı öyrənir.

“Pretty Woman” sevgi hekayəsi deyil. Bu film insanın özünə hörmət etməsi, seçimlərinin arxasında durması və “mən buna layiqəm” deməyi bacarması haqqındadır. Vivianın alış-veriş səhnəsindən tutmuş operaya gedən ana qədər, hər detal onun daxili transformasiyasını göstərir.

Julia Roberts-un parladığı bu film, eyni zamanda onu Hollivudun romantik komediya kraliçasına çevirən layihədir. Richard Gere isə minimal mimikaları və sakit enerjisi ilə Edward obrazını daha real və inandırıcı edir.
Filmin unudulmaz sitatları:
“She rescues him right back.”
– Film sadəcə Edwardın Vivianı “xilas etməsi” deyil. Əslində, onlar bir-birini xilas edirlər.
“People put you down enough, you start to believe it.”
– Vivianın bu cümləsi filmin ən ağrılı, amma ən real anlarından biridir. İnsan nə qədər güclü olsa da, davamlı aşağılama bir yerdən sonra iz buraxır.
“Welcome to Hollywood! What’s your dream?”
– Filmin əvvəlində zarafatla deyilən bu cümlə, sonda tamamilə başqa məna qazanır. Çünki Vivian artıq öz xəyallarını yaşayan bir qadındır.
Sevgililər günündə klassik, isti və ümid dolu bir film axtarırsansa, “Pretty Woman” hələ də doğru seçimdir. Bəzən nağıl kimi görünən hekayələr, insanın içində çox real duyğular oyadır.