Şəki ölkəmizin şimal-qərb hissəsində, Böyük Qafqaz dağlarının cənub ətəyində yerləşir. Bakıdan təxminən 300 km məsafədə olan şəhər Oğuz və Qəbələ rayonları ilə qonşudur. Dağlıq relyefi, sərin iqlimi və bol yaşıllığı ilə seçilən Şəki həm füsunkar təbiəti, həm də qədim tarixi ilə diqqət çəkir.
Nə ilə tanınır?
Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şəki; köklü tarixi, şirin ləhcəsi, yüksək yumor hissinə malik insanları, ləziz mətbəxi və şəbəkə sənəti kimi nadir sənət sahələri ilə tanınır. Şəhərin demək olar ki, hər küçəsində tarix nəfəs alır, təbiəti isə qonaqları ilk baxışdan valeh edir.

Dadlar
Şəkiyə səyahət edənlərin yaddaşına həkk olan ən mühüm detal məhz oranın bənzərsiz ləzzətləridir. Şəhərin vizit kartı sayılan piti, təkcə bölgənin deyil, ümumilikdə Azərbaycan mətbəxinin incisidir. Xüsusi saxsı qablarda (küpələrdə) uzun müddət zəif odda bişən bu yemək, zəngin dadı ilə fərqlənir.
Bundan əlavə, Şəki həm də “şirniyyat paytaxtı” hesab olunur. Məşhur Şəki halvası (paxlavası) ilə yanaşı; südlü və fındıqlı şərbət halvası, girməbadam və digər yerli şirniyyatlar kulinariya mədəniyyətinin ayrılmaz hissəsidir.
Gəzməli yerlər
Şəki Xan Sarayı: Şəki xanlarının iqamətgahı olmuş, UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş bu möhtəşəm abidə şəhərin əsas simvoludur.
Şəki Karvansarayı: İpək Yolu dövründən qalan bu tarixi tikili vaxtilə tacirlərin əsas dayanacaq yeri olub.
Kiş Alban Məbədi: Şəhər mərkəzindən bir qədər uzaqda — Kiş kəndində yerləşən bu qədim məbəd, Qafqaz Albaniyası dövrünün izlərini daşıyır.
Harada qalmalı?
Şəki hər il minlərlə turist qəbul etdiyi üçün burada yerləşmə imkanları genişdir: kirayə evlərdən tutmuş hostellərə və lüks hotellərə qədər hər büdcəyə uyğun seçim var. Daha komfortlu və mənzərəli istirahət istəyənlər üçün “Marxal Resort & Spa” ideal variantlardan biridir.
Nə etməli?
Şəkinin tarixi küçələrində gəzərək qədim memarlığın və dağ havasının yaratdığı sakit atmosferdən zövq ala bilərsiniz. Mərkəzdəki hədiyyəlik əşya mağazalarından yaxınlarınız üçün xatirəliklər almaq xoş bir təcrübə olacaq.
Aktiv istirahət sevənlər üçün isə zipline, jeep turları, piknik, kamp və atçılıq kimi maraqlı seçimlər mövcuddur. Şəki həm hüzur, həm də macəra axtaranlar üçün mükəmməl məkandır.
Ən yaxşı vaxt
Yay aylarında təbiətin canlanması ilə Şəkidə əsl turist axını yaşanır. Lakin qışda qar örtüyünə bürünən küçələrin də özünəməxsus romantik və sehrli gözəlliyi var.
Büdcə: Baha, orta, yoxsa ucuz?
Şəki çox bahalı şəhər hesab olunmur. Kiçik şəhər olduğu üçün mərkəzdən kənarda qalsanız belə, hər yerə rahatlıqla çata bilərsiniz. Yemək və əyləncə qiymətləri digər turistik bölgələrlə müqayisədə kifayət qədər münasibdir.
Yerlinin məsləhəti
Şəkililərlə ünsiyyət qurmaqdan çəkinməyin, onların səmimiyyəti səyahətinizi daha rəngli edəcək.
Məkan tövsiyəsi: Səhər yeməyi üçün yerli sakinlər arasında populyar olan “Qaqarin” restoranına baş çəkə bilərsiniz.
Ruhunu hiss etmək üçün: Şəki bazarını gəzin, yerli məhsullardan dadın və mütləq oradakı məşhur kababların dadına baxın.