#Buradanəvar? rubrikamızın növbəti buraxılışında İtaliyanın döyünən qəlbi, modanın paytaxtı qədim şəhər Milan barədə danışacağıq.
Milan İtaliyanın şimalında, Lombardiya bölgəsində, modanın tam qəlbində yerləşir. Şəhər Alp dağlarına nisbətən yaxın sayılır və İtaliyanın ən inkişaf etmiş, iqtisadi cəhətdən güclü mərkəzlərindən biridir. Roma rəsmi paytaxt olsa da, Milan daha çox biznes mühiti və moda dünyasının mərkəzi kimi tanınır.
Nə ilə tanınır?
Milan dünyada əsasən moda və dizayn paytaxtı kimi məşhurdur. Burada hər il “Milan Fashion Week” keçirilir və dünya şöhrətli brendlər öz yeni kolleksiyalarını nümayiş etdirir. Şəhərin ləziz təamları və zəngin mədəniyyəti hər il milyonlarla turisti bura cəlb edir. Bundan əlavə, Milan dünya futbolunun nəhəngləri olan “Inter” və “Milan” klublarının vətənidir.
2026-cı il Qış Olimpiya Oyunları Milan və Kortina d’Ampezzo şəhərlərində davam edir. Milan əsas mərasimlərin, açılış və bağlanış tədbirlərinin mərkəzi olaraq həm idman həvəskarlarını, həm də turistləri qəbul edəcək.
Dadlar
Zəngin mətbəxi ilə tanınan İtaliyada ac qalmaq qeyri-mümkündür. Milan mətbəxi ölkənin digər bölgələrindən bir qədər fərqlənir; burada kərə yağı, düyü və ət yeməklərinə daha çox üstünlük verilir. Risotto alla Milanese, Cotoletta alla Milanese və Ossobuco mütləq dadmalı olduğunuz ləzzətlər arasındadır.
Şəhər yalnız restoranlarla məhdudlaşmır — sosial mediada viral olan küçə ləzzətləri də çoxdur. Məsələn, Luini dükanının “panzerotti”ləri (qızardılmış xəmir yeməyi) çox məşhurdur. Tarixi şirniyyatçı olan Panarello və ya Marchesi 1824-də italyan şirniyyatlarını dada bilərsiniz. Dilim pizzaları ilə tanınan Spontini və məşhur buterbrodları ilə tanınan All’Antico Vinaio da siyahınızda olmalıdır.
Gəzməli yerlər
Səyahətə İtaliyanın ən böyük katedrali və şəhərin simvolu olan Duomo ilə başlamaq lazımdır. İnşası 600 ildən çox davam edən bu möhtəşəm mərmər tikilinin damına çıxaraq şəhər mənzərəsini seyr edə bilərsiniz (Giriş təxminən 10-20 avro arası dəyişir).
Duomonun tam yanında yerləşən Galleria Vittorio Emanuele II Avropanın ən qədim alış-veriş mərkəzlərindən biridir. Buradan 10 dəqiqəlik piyada məsafəsində yerləşən Via Montenapoleone küçəsi isə lüks markaların və moda tarixinin mərkəzidir. Sənətsevərlər üçün isə Brera məhəlləsi dar küçələri və bohem atmosferi ilə əvəzolunmazdır.
Harada qalmalı?
İldə ortalama 8–9 milyon turist qəbul edən Milanda hər büdcəyə uyğun seçim tapmaq mümkündür:
Lüks və mərkəz: Duomo ətrafı (ən bahalı ərazi).
Orta büdcə: Porta Venezia, Isola.
Sərfəli: Centrale, Loreto, Lambrate.
Gənclər və gecə həyatı: Navigli (kanallar ərazisi).
Nə etməli?
Səyahət planınızı əvvəlcədən qurun. Şəhərin lüks və tarixi atmosferini hiss etmək üçün piyada gəzməyə üstünlük verin. Santa Maria delle Grazie kilsəsində yerləşən Leonardo da Vinçinin məşhur “Son Şam Yeməyi” (The Last Supper) əsərini görmək üçün biletləri aylar öncədən sifariş etməyi unutmayın.
Ən yaxşı vaxt
Yay ayları həm çox isti, həm də bahalı ola bilər. Səyahət üçün ən ideal aylar aprel, may, sentyabr və oktyabr aylarıdır. Bu dövrdə həm hava xoş olur, həm də turist sıxlığı nisbətən azalır.
Yerlinin məsləhəti
Mərkəzdən uzaq qalsanız belə, Milanın inkişaf etmiş metro və tramvay şəbəkəsi işinizi asanlaşdıracaq. Ən vacib məsləhət: Muzey və populyar məkanlar üçün biletləri onlayn və öncədən alın ki, uzun növbələrdə vaxt itirməyəsiniz.