Skip to content

Dynamix

Azərbaycan estradasında son yeniliklər – 10 Fevral

Nigar Camal yeni mahnısı “Barbie” ilə dinləyicilərin qarşısına çıxıb. Müasir pop üslubunda hazırlanan mahnı ilk gündən həm musiqisi, həm də vizual dili ilə diqqət çəkir.

Mahnının sözləri Xətai Əli, Clavis və OGB-yə, musiqisi isə Kazım Cana məxsusdur. Klip Azərbaycanın mərhum xalq artisti İlhamə Quliyevanın məşhur “Gözəllik deyirsən məndə” sitatı ilə başlayır. Bu giriş videoya həm əyləncəli ovqat, həm də simvolik bir başlanğıc qazandırır.

Klipdə Nigar Camal “Barbie” obrazını canlandıraraq üç fərqli geyim və ovqatda tamaşaçı qarşısına çıxır. Obrazlar qadının müxtəlif tərəflərini, dəyişkənliyini və özünəinamını əks etdirir. “Ken” rolunda isə gənc model Məhərrəm Ramazanov yer alır.

Uzun fasilədən sonra Ayni Khalid solo səhnəyə yenidən qayıdır. Müğənninin yeni işi “Səndən sonra” sakit tonu, lirik mətn xətti və iddiasız emosiyası ilə diqqət çəkir.

Mahnının söz və musiqisi Vüqar Babayev-ə aiddir. Layihə üçün çəkilən klip Nyu-Yorkda lentə alınıb. Şəhərin soyuq ritmi, geniş planlar və minimal vizual həll mahnının daxili boşluq hissini tamamlayır, hekayəni şişirtmədən ötürür.

“Səndən sonra”, Ayni Khalidin 2023-cü ildə Orxan Zeynallı ilə təqdim etdiyi “İllər sonra” duetindən sonra yayımlanan ilk solo işi kimi yadda qalır. Mahnı hazırda bütün əsas rəqəmsal platformalarda mövcuddur.

Ağamehdi Mirzəyev isə yeni musiqi işi “Dəniz” dinləyicilərə təqdim edib.

Mahnının müəllifi məşhur müğənni peşəkar vokalist, “Səs Azərbaycan” layihəsinin iştirakçısı və Azərbaycanı müxtəlif beynəlxalq tədbirlərdə təmsil etmiş Amir Paşayevdir. Sözlərin təsirli alınmasının əsas səbəbi onların səmimi hisslərlə yazılmasıdır.

Mahnıda lirik qəhrəman sevgilisini dənizə bənzədir, ona içində yığılan dərdlərini danışır və emosional bir monoloq qurur. Qeyd edək ki, mahnının sözləri İzmirin Ege dənizi sahilində, birbaşa dənizə baxılaraq yazılıb. Bu məkanın verdiyi sakitlik və duyğusal dərinlik “Dəniz” ümumi ovqatında açıq şəkildə hiss olunur.

“Dəniz” hazırda rəsmi YouTube kanalı və digər rəqəmsal platformalarda dinləyicilər üçün əlçatandır.