Hollivudun ən nüfuzlu kino gecəsi yenə diqqət mərkəzində olub. Academy Awards bu il 98-ci dəfə keçirilib və mərasim həm qalibləri, həm də yadda qalan anları ilə kino sənayesinin diqqətini üzərinə çəkib. Hər il olduğu kimi, bu dəfə də gecə təkcə mükafatların təqdim olunduğu mərasim deyil, həm də kino dünyasında hansı hekayələrin ön plana çıxdığını göstərən bir an kimi yadda qalıb.
Bu ilin mərasimində iki film xüsusilə diqqət mərkəzində olub — One Battle After Another və Sinners. Hər iki film fərqli yanaşma və hekayə dili ilə müasir kinonun nə qədər müxtəlif istiqamətlərdə inkişaf etdiyini göstərib.
Gecənin ən böyük qalibi isə nəticədə One Battle After Another olub. Film “Ən yaxşı film” mükafatını qazanmaqla yanaşı ümumilikdə altı “Oskar” əldə edib və mərasimin əsas qaliblərindən birinə çevrilib. Filmin arxasında duran rejissor Paul Thomas Anderson isə həm “Ən yaxşı rejissor”, həm də “Ən yaxşı adaptasiya olunmuş ssenari” mükafatlarını qazanıb və müəllif kinosunun hələ də sənayenin mərkəzində yer aldığını xatırladıb.
Aktyor kateqoriyasında gecənin ən çox alqışlanan adlarından biri Michael B. Jordan olub. O, Sinners filmindəki performansına görə “Ən yaxşı kişi aktyor” mükafatını qazanıb və ilin ən çox müzakirə olunan rollarından birinə imza atıb.
Qadın aktyor kateqoriyasında isə diqqət mərkəzində Jessie Buckley olub. Onun Hamnet filmindəki işi ona “Ən yaxşı qadın rolu” mükafatını qazandırıb və o, bu kateqoriyada qalib gələn ilk irlandiyalı aktrisa kimi tarixə düşüb. Səhnədəki çıxışı isə gecənin ən səmimi anlarından biri kimi yadda qalıb.
Köməkçi qadın rolu mükafatı Amy Madigan-a verilib. Onun “Weapons” filmindəki performansı sakit, lakin təsirli ekran varlığı ilə seçilib. Ssenari sahəsində isə Ryan Coogler Sinners filmi ilə “Ən yaxşı orijinal ssenari” mükafatını qazanıb.
Beynəlxalq kino kateqoriyasında Norveç rejissoru Joachim Trier diqqət çəkib. Onun Sentimental Value filmi “Ən yaxşı beynəlxalq bədii film” seçilib.
Gecənin ən çox müzakirə olunan hadisələrindən biri isə operator işi ilə bağlı olub. Autumn Durald Arkapaw “Ən yaxşı operator işi” mükafatını qazanaraq bu kateqoriyada qalib olan ilk qadın kimi tarixə düşüb.
Digər tərəfdən, Sinners filmi gecəyə 16 nominasiya ilə daxil olub və ümumilikdə dörd mükafat qazanıb. Buna baxmayaraq, film ilin ən çox müzakirə olunan layihələrindən biri olaraq qalıb.
98-ci “Oskar” gecəsinin yadda qalan görüntülərini sizə təqdim edirik