Skip to content

Dynamix

2026-cı ildə ekranlarda bizi nələr gözləyir?

Hər il “bu il daha maraqlı olacaq” deyirik, amma 2026 həqiqətən bu iddianı doğruldan illərdən biridir. Kino və serial dünyası yeni il üçün həm tanış adlarla, həm də gözlənilməz hekayələrlə dolu bir proqram hazırlayıb. Böyük studiyalar risk edir, sevilən layihələr geri qayıdır, yeni qəhrəmanlar isə artıq səhnəyə çıxmağa hazırdır.

Əgər sən də kinoteatra gedəndə nəyi seçəcəyini düşünürsənsə, yaxud serial siyahını indidən doldurmaq istəyirsənsə, 2026 səni yarı yolda qoymayacaq. Gəlin, bu il ekran qarşısında bizi nələrin gözlədiyinə birgə baxaq.


2026-cı ildə nümayiş olunacaq filmlər

Scream 7

27 fevral 2026

Ghostface hələ də iş başındadır. Və bu səfər o, Sidni ilə yanaşı onun qızını da hədəfə alır. Keçmiş hekayələrin gün üzünə çıxacağı “Scream” bu dəfə də qaydaları pozmağa və tamaşaçını çaşdırmağa çalışır. Kim sağ qalacaq, kim yox — bunu yenə sona qədər bilmək mümkün olmayacaq.

Peaky Blinders: The Immortal Man

6 mart 2026

Serial bitdi, amma hekayə yox. Tommy Shelby son dəfə, amma ən ağır formada ekranlara qayıdır. Bu film fanatlar üçün sadəcə davam deyil, uzun həsrətin sonu və bir vidalaşmadır.

Mortal Kombat II

8 may 2026

İlk filmdən sonra hamının bir sualı vardı: “Daha sərt ola bilərmi?” Cavab: bəli. İkinci hissə döyüşləri, qaranlıq tonu və qarşıdurmaları ilə səviyyəni bir az da yuxarı qaldırmağı hədəfləyir. Bu film xüsusi keçidləri və effektləri ilə 90-ların uşaqlarını həm keçmişə aparacaq, həm də sakit oturmağa icazə verməyəcək.


Star Wars: The Mandalorian and Grogu

22 may 2026

Serialdan tanıdığımız bu duet artıq böyük ekrandadır. Bu film “Star Wars” sevənlər üçün sadəcə davam deyil, kainatın emosional tərəfinə bir addım da yaxınlaşmaq deməkdir.

Toy Story 5

19 iyun 2026

Bəzi filmlər var ki, yaşın neçə olmasından asılı olmayaraq insanı uşaqlığına qaytarır. “Toy Story” də onlardan biridir. Beşinci hissə yenə gülüşü, kövrəkliyi və vida hissini birlikdə gətirir.


Supergirl

26 iyun 2026

DC bu dəfə diqqəti Supermenin kölgəsində qalan Kara Zor-Elə yönəldir. Amma bu, sadəcə supergüclər hekayəsi deyil. Bu film kimlik axtarışı, uyğunlaşma və tək qalmaq qorxusu haqqındadır. DC-nin gələcəyi üçün də ipucları verir.


Spider-Man: Brand New Day

31 iyul 2026

Uşaqlıq qəhrəmanımız Hörümçək Adam — Peter Parker üçün hər şey sıfırdan başlayır. Daha az səs-küy, daha çox daxili mübarizə. Hörümçək Adam bu dəfə qəhrəman olmaqla insan qalmaq arasında sıxışır.

Avengers: Doomsday

18 dekabr 2026

Marvel azarkeşləri üçün ilin zirvə nöqtəsi. Bir çox qəhrəman, bir böyük təhlükə və çoxlu taleyüklü qərarlar. Bu film sadəcə döyüş yox, bir dövrün bağlanışı kimi təqdim olunur.

İndi isə serial dünyasına keçid edək:

Spring Fever

5 Yanvar

Cənubi Koreya deyəndə artıq ağla sadəcə məşhur K-pop qrupları gəlmir. Bu ölkə dram serialları ilə də məşhurdur. Spring Fever yüngül, amma boş olmayan bir romantik hekayədir. Özünü yenidən tapmaq istəyənlər üçün sakit, isti bir serial. Rollarda ölkənin məşhur simaları Ahn Bo-hyun və Lee Joo-bin də yer alır.

His & Hers

8 yanvar

Alice Feeneyin məşhur romanından ilhamlanan bu ekran işi bir sirr, iki fərqli baxış bucağı üzərində qurulub. Münasibət, yalan və həqiqətin iç-içə keçdiyi bir hekayə. Bu serial tələsmədən, diqqətlə izlənməlidir.

Steal

21 yanvar

“Bir səhv bütün həyatı dəyişə bilərmi?” sualının cavabı bu serialdadır. Adi bir insanın böyük cinayətin mərkəzinə düşməsi izləyicini epizoddan epizoda saxlayır.


Vanished

fevral

Detektiv janrını sevənləri ekrana kilidləyəcək növbəti layihə. Sevgi ilə başlayan səyahət kabusa çevrilir. Hər bölüm isə elə bir sonluqla bitir ki, özünüzü növbəti bölümün içində tapacaqsınız.


Euphoria

3-cü mövsüm Aprel

Artıq hamı böyüyüb. Problemlər də, qərarlar da. Bu mövsüm daha sakit, amma daha ağırdır. Ailə münaqişələri isə ön planda olacaq.